Poliklinikalar özəl xəstəxanaların arayışını qəbul etmir - PROBLEM
“Poliklinikalarda sahə həkimləri xəstə uşaqlar üçün özəl xəstəxanalardan verilən arayışı qəbul etmirlər. Arqument kimi də bunu göstərirlər ki, uşağı həmin xəstəliklə qeydiyyata götürmək üçün rəsmi sənəd dövlət müəssisəsindən gəlməlidir”.
Bu barədə TNS-ə pediatr Vaqif Qarayev bildirib.
O qeyd edib ki, özəl səhiyyə sahəsində xidmətlər genişləndikdən sonra valideynlərin əksəriyyəti övladını özəldəki sahə mütəxəssislərinə aparır: “Uşaqları kardioloqa, allerqoloqa və s. həkimlərin yanına aparırlar. Uşaq illərlə bu mütəxəssislərin nəzarətində olur. Dünyanın hər yerində bu praktika var”.
O, sahə həkimlərinin bu yanaşmasının doğru olmadığını vurğulayıb: “Tutaq ki, kiminsə övladı bronxial astma xəstəsidir. Valideyn özəl klinikada istədiyi bir allerqoloqun müayinəsinə gedir. Məlumdur ki, astma tez sağalan xəstəlik deyil. Uzun illər mütəxəssisin nəzarətində olmalıdır. Təbii ki, bu siyahıya yalnız astma deyil, müxtəlif xəstəkliklər daxildir. Valideyn sahə poliklinikasında uşağın kartında xəstəliyin fiksə olunması üçün həkimdən arayış alır. İstəyir ki, övladının xəstəliyi dövlət poliklinikasındakı kartda təsdiqini tapsın. Hazırda valideynlərin əksəriyyəti şikayət edir ki, poliklinikalar özəldə aparılan müayinə və müalicəni qəbul etmirlər. Hətta özəl xəstəxanadan möhürlü arayış gətirlidiyi halda, sənədi qəbul etmirlər. Tələb edirlər ki, uşağın xəstəliklə bağlı diaqnozu mütləq dövlət müəssisəsində təsdiq olunsun. Uşaqları müvafiq dövlət xəstəxanasına göndərmək istəyirlər. Uşaq təkrar xəstəxanada müayinə olunmalı, yatmalıdır və s. Mən bunu doğru hesab etmirəm. Valideyni bu qədər nə üçün incidirlər? Özəl klinika da Azərbaycanın xəstəxanasıdır. Ölkənin ən tanınmış allerqoloq, kardioloq və s. həkimləri işlədiyi özəl klinikanın möhürü ilə diaqnozun təsdiqi ilə bağlı arayış verir. Bu arayış nə üçün qəbul olunmamalıdır?”
TNS məsələnin səbəbini TƏBİB-dən öyrənməyə çalışıb. Qurumdan bildirilib ki, hər arayışa görə prosedur fərqlidir: “Məsələn, endokrinoloji xəstəliklər üçün qayda fərqlidir. Digər xəstəliklərdə də fərqlər var”.
Vurğulanıb ki, özəl tibb müəssisəsində, habelə digər dövlət tibb müəssisələrində protokol qaydalarında qeyd edilmiş bütün müayinələr əsasında diaqnoz qoyulduğu halda, vətəndaşın ilkin səhiyyə xidməti müəssisəsində dispanser qeydiyyata düşməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur: “İstər özəl, istər dövlət tibb müəssisələrində qoyulan diaqnozların ixtisaslaşmış müəssisələr (institutlar) tərəfindən təsdiq olunması tövsiyə olunur”.
Aygün