Azərbaycanın tibb sistemində yenilik
Tibb qeydiyyat sənədləşməsinin elektronlaşması prosesinə başlanacaq.
TNS-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev deyib.
O bildirib ki, müasir rəqəmsallaşma ilə ayaqlaşmaq vacibdir: "Səhiyyə Nazirliyi də bu istiqamətdə ciddi layihələr hazırlayır və yaxın zamanda təqdimatı nəzərdə tutulur. Ümid edirəm ki, qarşıdakı il ərzində əmək qabiliyyətinin olmaması vərəqi və ya epikrezlər, digər şəhadətnamələrlə yanaşı, tibbi sənədləşmənin də elektronlaşması mümkün olacaq".
R.Quliyev qeyd edib ki, tibb müəssisələrinin akkreditasiya olunması ilə bağlı noyabr ayında mərkəz yaradılıb, ştat formalaşdırılır, aktiv işlər görülür: "Təsdiq olunan tibb müəssisələrinin akkreditasiya qaydalarının dəyişikliyi gündəmdə idi və artıq layihə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim olunub. Layihənin təkmilləşdirilməsi yaxın zamanda baş verdikdən sonra növbəti ildə tibb müəssisələrinin akkreditasiyası, keyfiyyətə nəzarət mərkəzinin fəaliyyətini görəcəyik".