Erkən müayinələr nə üçün vacibdir?
“İnsan həyatına zərərli vərdişlər, qeyri-sağlam qidalanma, psixoloji və ətraf mühit faktorlarının çox ciddi təsirləri var. Sağlamlığın belə təsirlərə məruz qalmasından sonra xəstəliklər meydana gəlir. Xəstəliklərdə erkən müayinə və müalicə çox önəmlidir”.
TNS xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov açıqlayıb.
Onun sözlərinə görə, erkən müayinə əsasən müəyyən bir xəstəliyin inkişaf etməsi və ya xəstəlik əlamətlərinin ortaya çıxmasından əvvəl, hələ heç bir simptom olmadan həyata keçirilən tibbi yoxlamadır: “Bu müayinə xroniki xəstəliklərin (şəkərli diabet, ürək xəstəlikləri, onkologiya və s) və ya genetik meyllərin (ailə üzvlərində müəyyən xəstəliklərin olması) erkən mərhələlərində aşkar edilməsi məqsədilə aparılır”.
Terapevt bildirib ki, əgər ailə üzvlərində müəyyən xəstəliklər (ürək-damar xəstəlikləri, şəkərli diabet və s.) mövcuddursa, bu zaman erkən müayinələr xəstəliklərin inkişafının izlənilməsi və risklərin azaldılması üçün vacib ola bilər: “Eyni zamanda, bəzi xəstəliklər yaşla bağlı daha çox rast gəlinir. Məsələn, yaşlı adamlarda xərçəng və ürək damar sistemi xəstəlikləri daha çox müşahidə olunur. Müəyyən yaş həddini keçən insanlara mütəmadi müayinələr tövsiyə edilir. Siqaret çəkən, alkoqol istifadə edən və digər pis vərdişləri olan şəxslərdə erkən müayinələr bu vərdişlərin orqanizm üzərindəki potensial mənfi təsirlərini müəyyən etmək üçün vacibdir. Xroniki xəstəlikləri, şəkərli diabet, hipertoniya, xroniki respirator xəstəliklər və s. kimi xəstəlikləri olan şəxslər mövcud xəstəliklərin ağırlaşması üçün mütəmadi olaraq erkən müayinələrdən keçməlidirlər”.
Sonda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti qeyd edib ki, erkən müayinə üçün qanın ümumi analizi, şəkər, xolesterin və lipid profili üçün qan testi, böyrək və qaraciyər funksiyası testlərindən keçmək lazımdır. Bundan əlavə, exokardioqramma, elektrokardioqramma, rentgenoqrafiya, qadınlar üçün mamoqrafiya və ya “Pap smear”, osteoporoz riskini təyin etmək üçün test, həmçinin kişilər üçün PSA (Prostat Spesifik Antigen) testindən keçmək tövsiyə olunur.