Close

22:20
04 Dekabr 2024
21:40
04 Dekabr 2024

Həkim çatışmazlığı necə aradan qaldırılır? – İşə qəbul qaydaları dəyişəcək

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda çalışan həkimlərin sayı 33,6 min nəfər olub.

Bakı şəhəri həkimlərin sayının çoxluğuna görə (22,7 min nəfər) ilk yerdədir. Sumqayıt şəhərində 1,5 min nəfər, Gəncə şəhərində 1,1 min nəfər həkim qeydə alınıb. Naxçıvan şəhərində 445, Abşeron rayonunda 417, Mingəçevir şəhərində 392, Lənkəranda 336, Şəmkirdə 324, Şəkidə isə 304 həkim fəaliyyət göstərib.

Məlumdur ki, xüsusilə ucqar rayon və kəndlərdə həkim çatışmazlığı problemi var.

Bununla yanaşı, müəyyən ixtisaslı həkimlərin azlığı problemi var ki, bu, həkimlərin sayı çox olan Bakı şəhərində də yaşanır. Məsələn, ölkədə psixiatr həkimlərin sayı yetərili deyil.

Respublikanın bir çox bölgəsində isə travmatoloq, ortoped, anestezioloq-reanimatoloq, mama-ginekoloq, nefroloq, psixiatr, narkoloq, uşaq cərrahı, uroloq, nevroloq, şüa diaqnostikası üzrə həkim (rentgen və KT üzrə) çatışmazlığı müşahidə olunur.

Ölkədə olan həkim çatışmazlığının aradan qaldırılması üçün hansı addımlar atılır? Ümumiyyətlə, həkimlərin işə qəbulunda hansı yeniliklər tətbiq olunur və nəzərdə tutulur? Xaricdə çalışan azərbaycanlı həkimlərin işə cəlb olunması istiqamətində hansı işlər aparılır?

Bu barədə TNS-in suallarını TƏBİB cavablandırıb.

Bu tibb müəssisələrində 17 092 həkim fəaliyyət göstərir

Verilən məlumatda qeyd olunub ki, TƏBİB-in tabeliyindəki müəssisələrə tibb və qeyri-tibb işçilərinin işə qəbulu həmin müəssisələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılır: “Hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 17 092 həkim fəaliyyət göstərir. Bununla belə, bölgələrdə yerləşən bəzi tibb müəssisələrində müəyyən dar ixtisaslar üzrə həkim kadrlarının çatışmazlığı var. Mövcud olan çatışmazlığın aradan qaldırılması istiqamətində TƏBİB tərəfindən, səlahiyyətləri çərçivəsində, zəruri tədbirlər görülür.

Dövlət tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması, tibb müəssisələrində çalışan tibb və qeyri-tibb işçilərinin ixtisaslarının artırılması, tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eyni zamanda əhalinin icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən "Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2023-2024-cü illər üçün Proqram" layihəsi həyata keçirilir”.

65 həkim-mütəxəssis işə qəbul olunub

Qeyd olunub ki, adı keçən layihə çərçivəsində müxtəlif ixtisaslar üzrə işə qəbul olunan 65 həkim-mütəxəssis (uzman) hazırda Abşeron, Biləsuvar, Şəki, Şəmkir, Samux rayon mərkəzi xəstəxanalarında, Gəncə Şəhər Birləşmiş Xəstəxanasında, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Nərimanov Tibb Mərkəzi, Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzində çalışırlar: “Həkim-mütəxəssislər daha çox tələbat olan cərrahi və radioloji profilli, terapevtik və pediatrik profilli ixtisaslar üzrə cəlb olunublar. Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2023-2024-cü illər üçün Proqram" çərçivəsində orta və qeyri-tibb işçilərinin ixtisaslarının artırılması da əsas hədəflərdən biridir. Belə ki, tibb müəssisələrində çalışan orta, qeyri-tibb işçilərinin bilik və bacarıqlarının artırılması Türkiyə Cümhuriyyətinin aidiyyəti qurumları ilə əməkdaşlıq çərçivəsində təlimlərin keçirilməsi yolu ilə təmin edilir.  Proqram üzrə il ərzində 50 nəfər orta tibb işçisi və 30 nəfər biomedikal sahəsi üzrə mühəndis müvafiq tibb müəssisəsinin rəhbərinin təqdimatı əsasında Komissiya tərəfindən seçilir”.

“Karyera portalı” istifadəyə verilib

Qurumdan bildirilib ki, işə qəbul prosesinin optimallaşdırılmasının təmin edilməsi məqsədilə “Karyera portalı” istifadəyə verilib və TƏBİB-in tabeliyindəki müəssisələrin həmin portala çıxışı təmin olunub: “Müəssisələr tərəfindən tibb və qeyri-tibb vəzifələri üzrə müvafiq vakansiyalar haqqında elanlar “Karyera portalı”nda yerləşdirilir. Namizədlər həmin portalda qeydiyyatdan keçərək şəxsi kabineti formalaşdıra və müvafiq vakansiyalara müraciət edə bilərlər. Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2129 nömrəli Fərmanının ikinci hissəsinin icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 2024-cü il 18 iyul tarixli 344 nömrəli Qərarı ilə “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası” təsdiq edilib.

Həmin Qayda 2025-ci il yanvarın 1-dən qüvvəyə minir. Sözügedən qayda ilə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu vahid formada tənzimlənəcək: “Nazirlər Kabinetinin sözügedən qərarı qüvvəyə mindikdən sonra “Karyera portalı” TƏBİB-in tabeliyindəki müəssisələrə qeyri-tibb işçilərinin işə qəbulunun aparılması üçün istifadə ediləcək. Karyera portalında tabeli müəssisələrdə vakant vəzifəyə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsi, işə uyğunluğu, ümumi dünyagörüşü, vakant vəzifəyə yararlı olmasının müəyyən edilməsi üçün bir sıra yeniliklər öz əksini tapıb. Burada işə qəbul prosesinin sistemli, şəffaf, əhatəli və sürətli həyata keçirilməsi ilə yanaşı, tibbi və qeyri-tibbi sahələr üzrə ehtiyat kadr bazasının formalaşdırılması üçün bütün imkanlar nəzərə alınıb”.

Qeyd olunub ki, TƏBİB yarandığı gündən etibarən yalnız əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması üçün çalışmır. Həmçinin tibbi-sosial yönümlü layihələrin müvəffəqiyyətlə həyata keçirilməsi, gənc istedadlı kadrların tibb müəssisələrinə qazandırılması üçün çalışır: “Strateji hədəflərimizə uyğun olaraq, gənc kadrların potensialının gücləndirilməsi, onlara özlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması, gənc həkim mütəxəssislərin Azərbaycan səhiyyəsinə qazandırılması üçün TƏBİB Azərbaycan Tibb Universiteti ilə də əməkdaşlıq edir. Birgə həyata keçirilən layihə nəticəsində Azərbaycan Tibb Universitetinin 132 tələbəsi 2023-cü ilin birinci rübündə TƏBİB-in 13 tabeli tibb müəssisəsində işlə təmin olunub. Belə ki, sözügedən ali təhsil müəssisəsinin yuxarı kurs tələbələri təcrübə keçmək üçün tibb müəssisələrinə cəlb olunur və daha sonra isə orta tibb işçisi kimi işlə təmin olunurlar”.

Məlumata görə, tələbələr tərəfindən layihəyə çox böyük maraq göstərilib. Bunları nəzərə alaraq, 2025-ci ildə layihənin davam etdirilməsi məqsədilə Azərbaycan Tibb Universitetinin rəhbərliyi ilə danışıqlara başlanılıb.

Qeyd edək ki, TƏBİB tərəfindən həyata keçirilən digər layihələrdən biri “Könüllü TƏBİB” layihəsidir: “Layihənin həyata keçirilməsində məqsədimiz gənclərimizin timsalında tibb sahəsində könüllülük fəaliyyətini inkişaf etdirməkdir. Gənclərimizin erkən əmək fəaliyyətinə cəlb olunması nəticəsində peşəkar bacarıqlarının yüksəldilməsi, gələcəkdə təhsillərini başa vurdukdan sonra TƏBİB tabeliyindəki tibb müəssisələrində çalışmaları üçün maraqlarının artırılması və adaptasiya olmalarıdır. Bu layihəyə ilk olaraq Bakı şəhəri üzrə 2023-cü ilin may ayında 2 nömrəli Bakı Baza Tibb Kollecində başlanılıb və 120 tibb kolleci tələbəsi bu layihənin ilk iştirakçılarından olub. Layihənin həmçinin Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərində də tətbiqinə başlanılıb. 

Hazırda TƏBİB-də işə qəbul üzrə Müsabiqə Komissiyası fəaliyyət göstərir. Müsabiqə Komissiyasının fəaliyyət istiqaməti sözügedən müəssisələrdə işə qəbul prosesinin optimallaşdırılmasından ibarətdir. Həmin komissiya tərəfindən ötən 9 ay ərzində Bakı Baş Səhiyyə Mərkəzinə 109 nəfər, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 107 nəfər işə qəbul olunub. Tabeliklərində olan müəssisələrdə kadr çatışmazlığını aradan qaldırmaq üçün Bakı Baş Səhiyyə Mərkəzi və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin rəhbərlərinin müraciəti əsasında təcili təxirəsalınmaz tibbi yardım üzrə həkim (Xızı, Balakən, Cəlilabad, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Masallı, Sabirabad, Salyan, Şamaxı, Ucar, Yevlax, Ağdaş, Ağsu, Astara, Lənkəran, Göyçay, Şəki, Qəbələ, Oğuz, Quba regionları üzrə), həkim-psixiatr, çağırış üzrə tibb bacısı, həkim-anestezioloq-reanimotoloq, hesabatlılıq bölməsinə mühasib, əczaçı, həkim-ftiziatr, həkim-psixiatr, sahə həkimi-pediatr, sahə həkimi-terapevt, tibb bacısı (qardaşı), tibb qeydiyyatçısı, qazanxanaçı, provizor/əczaçı, fəhlə, mühafizəçi, sanitar qadın elanları paylaşılıb. Müəssisələrdə işə qəbul prosesi davam edir və təcili yardım sahəsində tibb xidmətin yüksəldilməsi məqsədilə işə qəbul edilən bütün namizədlər təcili yardım üzrə praktiki biliklərin artırılması üçün təşkil edilən təlimlərə cəlb olunurlar”.

Aygün