Ağrıkəsicilər ölümə səbəb olurmu? - Bu hallar baş verərsə...
Ağrıkəsicilərin, xüsusən də qeyri-steroid iltihab əleyhinə preparatların müntəzəm istifadəsi mədə zədələnməsinə gətirib çıxarır.
Bu dərman vasitələri mədənin qoruyucu selikli qatını zəiflədə və ya turşu istehsalını artıraraq, bir çox problemə yol aça bilir.
İnvaziv ağrı mütəxəssisi, həkim Zülfüqar Yusifov TNS-ə açıqlamasında bildirib ki, bu dərman vasitələrinin xeyirli tərəfləri olduğu kimi, zərərləri də var.
O qeyd edib ki, iltihab əleyhinə qeyri-steroid preparatlar daha çox mədədə fəsadlar yaradır: “Bu tip dərmanlar mədədə turşuluğun artmasına, mədənin selikli qişasına aqressiv təsir göstərir. Orada müəyyən dəyişikliklərə, iltihablara, eroziyalara, yaralara, qanaxmalara və s. səbəb ola bilir. Qeyri-steroid iltihab əleyhinə preparatlardan istifadə mədə-bağırsaq sistemində digər funksiya pozuntuları da yaradır. Qeyd etdiyim hallar baş verdikdə ilk olaraq, həkim tərəfindən analizlərin düzgün toplanması və xəstənin yanaşı problemlərinin nə dərəcədə olub-olmamasını aydınlaşdırmaq lazımdır. İstənilən ağrıkəsicini qəbul etmək düzgün deyil, çünki preparatlar ağrıkəsicilik xüsusiyyətlərinə görə fərqlidir. Bu səbəbdən onların mədəyə təsiri də fərqli ola bilir”.
Mütəxəssis deyib ki, bu baxımdan pasientin, xüsusi ilə mədə-bağırsaq sisteminin vəziyyətini araşdırmaq lazımdır: “Xəstələrə dərman təyin edərkən onun orqan faliyyətlərini nəzərə alaraq yazılmalıdır ki, yalnış təsirləri, fəsadları olmasın. Dərman preparatlarının dozasının həm gündəlik olaraq düzgün seçilməsi, həm də hansı zaman intervalında artması və ya azaldılması pasiyentə doğru şəkildə izah edilməlidir. Bundan əlavə, preparatların adətən yeməkdən sonra qəbul edilməsi ilə bağlı pasientləri məlumatlandırmaq lazımdır. Ağrıkəsici kimi istifadə olunan preparatlar digər dərman vasitələri ilə qarışdırıldıqda bir çox problem yarada bilir. O baxımdan da həkim tərəfindən sadəcə məlumatın yetərli olması və xəstəyə diqqətin çox olması kifayət edər ki, bu kimi problemlərdən kənar qalsınlar”.
Ayşən Azadova