Close

Bu xəstəlik sürətlə artır – Ölkəmizdə vəziyyət necədir?

Dünya üzrə aparılan araşdırmaya görə, son 30 ildə şəkərli diabet xəstələrinin sayı iki dəfə artaraq, 800 milyon nəfəri keçib.

1990-cı ildə dünya üzrə böyüklər arasında 7 faiz olan diabet nisbəti 2022-ci ildə 14 faizə yüksəlib. Araşdırmada ən böyük artımın aşağı və orta gəlirli ölkələrdə olduğu bildirilib.

TNS xəbər verir ki, tədqiqat Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində NCD-RisC tərəfindən aparılıb.

Araşdırmaya görə, şəkərli diabet xəstələrinin yarıdan çoxu Hindistan, Çin, ABŞ və Pakistanda cəmləşib.

Sakit okean adaları, Karib dənizi, Yaxın Şərq və Şimali Afrika kimi bəzi bölgələrdə kişi və qadın əhalinin yüzdə 25-dən çoxunun şəkərli diabet xəstəsi olduğu ifadə edilib.

Yüksək gəlirli Qərb ölkələri arasında diabet nisbəti ABŞ-da 12,5 faiz, Böyük Britaniyada isə 8,8 faiz olaraq qeydə alınıb.

Fransa, Danimarka, İspaniya, İsveçrə və İsveçdə qadınlarda şəkərli diabet nisbəti 2-4, Danimarka, Fransa və bəzi Afrika ölkələrində isə kişilərdə 3-5 faiz səviyyəsindədir.

Mütəxəssislər dünya əhalisinin qocalması və piylənmənin artması ilə diabetin daha çox insana təsir etdiyini bildirirlər. Madras Diabet Araşdırma Fondunun prezidenti Dr. Ranjit Mohan Anjana bildirib ki, şəkərli diabetin əlil və potensial ölümcül nəticələri nəzərə alınaraq, sağlam pəhriz və idman vasitəsilə qarşısının alınması qlobal sağlamlıq üçün həyati əhəmiyyət kəsb edir.

O qeyd edib ki, xüsusilə aşağı gəlirli bölgələrdə sağlam qidalar əlçatan edilməli və idman imkanları artırılmalıdır.

Diabetli böyüklərin 55 faizindən çoxu yüksək gəlirli ölkələrdə müalicə alırsa, bir çox aşağı və orta gəlirli ölkədə bu nisbət aşağıdır. Buna görə də, 2022-ci ildə 30 yaşdan yuxarı diabetli yetkinlərin 59 faizi, təxminən 445 milyonu müalicə ala bilməyib.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, şəkərli diabetdə narahatlıq doğuran artım qeyri-sağlam qida marketinqinin, fiziki fəaliyyətin olmamasının və iqtisadi çətinliklərin, həmçinin piylənmənin nəticəsidir.

O vurğulayıb ki, qlobal diabet epidemiyasına nəzarət etmək üçün ölkələr təcili olaraq sağlam qidalanma və fiziki fəaliyyəti dəstəkləyən siyasət həyata keçirməlidirlər.

Azərbaycanda da şəkərli diabetdən əziyyət çəkən xəstələrin sayı artır.

2012-ci ildə ölkədə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 153,506 nəfər olubsa, 2022-ci ildə bu rəqəm 320,982 nəfərə yüksəlib.

Qeyd edək ki, noyabrın 14-də Ümumdünya Diabet Günü kimi qeyd olunur.

Aygün