Bu şəxslər pulsuz dərman ala biləcək- RƏSMİ
“Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər haqqında qanun layihəsi parlamentdə ikinci oxunuşda qəbul edilib. Layihə əhalinin dərman vasitələrinə olan ehtiyaclarının qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəminin yaradılması məqsədi ilə hazırlanıb.
Qanun əhalinin sağlamlığının qorunması istiqamətində hansı yenilikləri gətirəcək?
Ambulator şəraitdə dərman vasitələrinin buraxılması şərtləri necə olacaq, hansı xəstəlikləri əhatə edəcək?
TNS-in qanunda nəzərdə tutulan dəyişikliklərə bağlı suallarını Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov cavablandırıb.
Deputat bildirib ki, qanun layihəsi əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə icbari tibii sığortası olan insanların maraqlarının qorunmasına hüququ zəmin hazırlamaq üçün hazırlanmış sənəddir: “Layihədə vətəndaşlara göstərilən tibbi xidmətin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi ən vacib hədəflərdən biridir. Bununla yanaşı, əhalinin dərman vasitələrinin qiymət dəyişmələrinə qarşı həssaslığının və dərman vasitələri üzrə xərclərinin minimuma endirilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və aptek təşkilatları arasında ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilə bağlanmasını özündə ehtiva edir. Layihə ölkəmizdə son illərdə aparılan səhiyyə islahatlarının məntiqi davamı olan bir işdir”.
Rəşad Mahmudov qeyd edib ki, stasionar şəraitdə müalicə zamanı 3 mindən çox fərqli-fərqli xəstəlik üzrə vətəndaşın xərcinin qarşılanmasının icbari tibbi sığorta hesabına həyata keçirilməsi ilə yanaşı, hazırda ortaya qoyulan qanun layihəsi xroniki xəstəliklərdən əziyyət çəkənlərin, yaxud stasionar müalicədən sonra evə getdiyi zaman bəlli bir müddət dərman müalicəsinə ehtiyacı olanların dərmanlarının da uyğun müqaviləsi olan apteklərdən, həkimin yazacağı elektron reseptlər vasitəsilə alınmasına kömək edəcək.
Deputat vurğulayıb ki, bu, vətəndaşın maliyyə vəsaitinə qənaət deməkdir: “Yeni dəyişiklik dərmanlara əlçatanlığın imkanlarını artırır. Bu gün xəstəliyin şiddəti azaldıqdan sonra dərmana ödəniləcək vəsaitlə bağlı maddi problemi olan vətəndaşlar uzun müddət istifadəsi lazım olan dərmanları istifadə etmədiklərinə görə, bəlli bir müddətdən sonra daha ağır formada yenidən xəstəxanalara müraciət edirlər. Bu isə yeni maliyyə problemləri yaradır, mənasız xərclər gətirir və ən əsası, insanın əmək fəaliyyətinə və sağlamlığına ciddi şəkildə təsir edir. Qanun layihəsinin tətbiqinə başladıqdan sonra biz onun bütün bu problemlərə faydalı təsirlərini qısa müddət içərisində görə biləcəyik”.
Qanunun bu il qəbulu nəzərdə tutulurmu?
Qanun layihəsinin nə zaman tətbiq olunacağına gəlincə isə deputat bildirib ki, sənəd hələ 3-cü oxunuşda müzakirəyə çıxmayıb: “Qanun qəbul olunduqdan və ölkə rəhbəri tərəfindən təsdiqləndikdən sonra artıq icra orqanları bunun mexanizmini formalaşdıracaq. Bunun da üzərində uzun müddətdən bəri ciddi işlər gedir. Məlumdur ki, daha əvvəl “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyikliklər olundu.
Elektron reseptlərin, təsiredici maddənin adının yazılması kimi bir çox məsələlər əksini tapdı. Əslində, bunlar yeni qanun layihəsində qarşıda duran vəzifələri həyata keçirmək üçün olan planlı işlər idi. Əminik ki, hər bir vətəndaşımız bunun nəticələrini yaxın gələcəkdə görə biləcək”.
Deputat onu da bildirib ki, qanunun tətbiqi ilə bağlı ilk pilot layihənin gələn ildən etibarən başlama ehtimalı var: “Əlbəttə ki, eyni anda bütün xəstəliklərlə bağlı tətbiqi doğru olmaz. Tətbiq mexanimzi, pilot layihə lazımdır. Pilot layihə də çox zaman bəlli xəstəliklər üzrə olur. Xroniki xəstəliklərin dərman müalicəsinə ömür boyu ehtiyac var. Həmin xəstəliklərdən başlayaraq, mərhələli şəkildə vətəndaşların sağlamlığı üçün dövlətin lazım bildiyi bütün dərmanları əhatə edəcək. Bütün bunların tam istədiyimiz nəticəsini görmək üçün zamana ehtiyac var”.
Aygün İbrahimli