Close

Meymunçiçəyinə qarşı peyvənd olunmaq vacibdir?

“Hazırda bir sıra ölkələrdə Meymunçiçəyi (mpox) infeksiyası yayılmaqdadır”.

Bunu TNS-ə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Təyyar Eyvazov bildirib ki, Azərbaycanda indiyədək bu tip infeksiya ilə xəstələnən şəxs müəyyən edilməyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən mpox infeksiyasının idarə olunmasına dair 2022-ci ildə tərtib olunan metodik sənəd yenilənib: “Mpox infeksiyasına aid müxtəlif məlumatlar təkmilləşdirmə kurslarında müvafiq ixtisaslı həkimlərə tədris olunur. İnfeksiya ilə bağlı şübhəli hal müəyyən olunarsa, mpox infeksiyasının təsdiqlənməsi üçün xüsusi diaqnostik laboratoriyada ölkəyə gətirilən testlər vasitəsilə müayinələrin aparılması nəzərdə tutulub. İndiyədək ölkəyə mpox infeksiyasını aşkarlayan kifayət qədər laborator test gətirilib və bu proses hazırda davam edir”.

Həkim Mymunçiçəyinin özünü limitləşdirən infeksiya olduğunu bildirib: “ÜST tövsiyələrində yalnız xəstəliyin ağır və fəsadlı gedişi zamanı etiotrop-antiviral dərmanlardan istifadə olunması qeyd olunur. Mpox infeksiyasına qarşı istifadə edilən antiviral preparat lazımi həcmdə artıq ölkəyə gətirilib. Bildiyiniz kimi mpox infeksiyasının spesifik profilaktikası mövcuddur və bu, müvafiq vaksinasiyadan ibarətdir. Hazırda bu infeksiyaya qarşı vaksinlər dünyada çox az sayda istehsal olunur. ÜST tövsiyələrinə əsasən, vaksinlər birinci növbədə mpox infeksiyasının geniş yayıldığı endemik ölkələrə ixrac olunur və hələ ki, tələbatı tam ödəmir. Hazırda ölkə əhalisinin mpox infeksiyasına qarşı vaksinasiyasına epidemik göstərişlər yoxdur”.

Ayşən Azadova