Uşaq ölümləri artır - Spirtli içki, siqaret...
Körpələrin ana bətnində və doğuş zamanı ölməsi faktları artır.
Bu barədə TNS-ə danışan mama-ginekoloq, həkim Rəşad Sultan bildirib ki, döl hələ ana bətnində formalaşmağa başlayan zamanda valideynlər diqqətli olmalıdır.
O qeyd edib ki, vaxtında həkim müayinəsindən keçilməli, lazımi prosedurlara əməl edilməlidir: “Bu halda erkən doğuş riski, dünyaya gələn körpənin həyatı üçün təhlükə azalır. Analar, həkimlər, tibb işçiləri hamiləliyin düzgün aparılmasına diqqət etməlidirlər.
Hamilə qadınların düzgün qidalanmaması, gigiyenik qaydalara riayət etməməsi, spirtli içki içməsi, siqaret çəkməsi uşaq ölümləri riskini artırır. Bundan başqa, bətndaxili və hüceyrədxili infeksiya halları müşahidə olunduqda, vaxtında ginekoloqlara müraciət etmək lazımdır. Hamiləlik dövründə həkimin dediklərinə tam şəkildə riayət edib, qucağına sağlam körpə alan hər bir valideyn sonrakı mərhələlərdə də diqqətli olmalıdır”.
Həkimin sözlərinə görə, ölkədə mütəxəssislərin sayı artır, xəstəxanalar inkişaf edir: “Düşünürəm ki, həm hamilə qadınlar, həm də həkimlər tərəfindən hamiləlik düzgün izlənilsə, müsbət nəticələr əldə edilər”.
Mama-ginekoloq bildirib ki, böyük şəhər və rayonlarda uşaq ölümü halları o qədər də çox olmur: “Bəlkə də ucqar kəndlərdə və rayonlarda istənilən mütəxəssis təminatı, avadanlıq və təchizat yüksək səviyyədə deyil, bu da statistik göstəricilərə təsir edə bilər”.
Ayşən Azadova