Azərbaycanda satılan bu içkilər insanı kor edə, öldürə bilər
Saxta, aşağı keyfiyyətli spirtli içkilər narahatlıq yaradan problemlərdəndir. Ucuz qiymətə satılan bu cür içkilər daha çox kiçik sexlərdə istehsal olunsa da, əhali tərəfindən evlərdə də hazırlana bilir.
Problemin ciddiliyi ondadır ki, bu cür içkilərin hazırlanmasında qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrdən istifadə olunur. Bu işlə məşğul olmaq vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti də yaradır.
Mütəxəssislər bildirir ki, spirtli içkilərin keyfiyyəti azaldıqca orqanizmə mənfi təsiri bir o qədər də artır. Bu tip məhsullar adətən qida spirtinin texniki spirtlə əvəz olunması, sintetik rəngləyicilərin və ətirləndiricilərin tətbiqi, tərkibindəki maddələrin digər əvəzedicilərlə dəyişdirilməsi və digər üsullarla qanunsuz olaraq saxtalaşdırılır.
Kliniki Tibbi Mərkəzin baş toksikoloqu, professor Azər Maqsudov TNS-ə açıqlamasında bildirib ki, spirtli içkilərin keyfiyyətinin aşağı olmağı, insan üçün ziyanlı olması məhsulun tərkibinə qatılan qatqılardan qaynaqlanır: “Keyfiyyətsiz, saxta məhsulun tərkibinə metil spirti də daxil olmaqla, müxtəlif kimyəvi maddələr qatıla bilir. Saxta içkinin təsirindən yaranan əsas əlamətlər baş gicəllənməsi, ürək bulanması, ikili görmə, daha sonra görmə fəaliyyətinin tam pozulmasıdır. İnsan bu cür spirtli içkini içdikdən sonra tamamilə kor da qala bilir. Saxta içkilər mərkəzi sinir sisteminə təsir edir, nəfəs mərkəzini paralizə etməklə getdikcə boğulma yaradır. Bunun nəticəsində isə insan huşunu itirə bilər”.
Baş toksikoloq bildirib ki, bu əlamətləri olan insan vaxtında həkimə çatdırılmasa, daha böyük fəsadlar yarana bilər: “Saxta içki zəhərlənməsi böyrəyə təsir edir. Qaraciyər və böyrək çatışmazlığı yaradır. Vəziyyət bu minvalla davam edərsə, həkimlərin səyinə baxmayaraq, xəstənin halı 2-3 sutkada daha da pisləşir və həyati təhlükə yaranır”.
Aygün