Close

Halsızlıq, əzələ ağrıları, yüksək hərarət – Bu əlamətlər varsa...

“Payız-qış aylarında virusa yoluxanların sayı artır. Xüsusilə, tənəffüs yollarında infeksiyalara rast gəlinir. Adenovirus, qrip virusu, “COVID-19” və digər viruslara yoluxan şəxslərdə eyni əlamətlər müşahidə olunduğundan onları ayırd etmək bəzən çətin olur”.

Bunu TNS-ə terapevt Sübhan Hacıyev deyib.

O qeyd edib ki, viruslara yoluxanların hamısında halsızlıq, iştahsızlıq, baş bədən, əzələ ağrıları, yüksək hərarət, burun axması, boğazda ağrı və qıcıqlanma kimi əlamətlərə rast gəlinir: “İmmun sistemi güclü olan pasiyentlərdə narahatlıq 3 günədək davam edir. Qısa müddətdə orqanizm viruslara üstün gəlir. Əgər narahatlıq üç gündən çox davam edərsə, mütləq şəkildə həkimə müraciət etmək lazımdır”.

Həkim qeyd edib ki, hava şəraitinin dəyişkən və soyuq keçməsi bəzən mədə-bağırsaq sistemində də problemlər yaradır: “Nəticədə biz rotavirus kimi digər virusla rastlaşırıq. Bunlar da ürəkbulanma, qusma, ishal, hərarət kimi simptomlarla özünü büruzə verir. Amma ən təhlükəlisi qusma və ishalın eyni anda olmasıdır. Bu zaman maye və elektrolit balansının pozulması nəticəsində virusa yoluxmuş şəxsin vəziyyəti ağırlaşır. Əgər bu hal bir neçə gün davam edirsə, mütləq şəkildə xəstəxana şəraitində müalicə almaq tövsiyə olunur.

Özümüzü viruslardan qorumaq üçün insanların sıx olduğu yerdə maska taxmaq, gigiyena qaydalarına əməl etmək vacibdir. Həmçinin, bol-bol su içmək, mövsümi qidalardan istifadə etmək də önəmlidir".

Ayşən Azadova