Close

“Kartof-fri” bu xəstəliklərə yol açır – XƏBƏRDARLIQ

Restoran və kafelərdə, xüsusilə iri “fast food” restoran şəbəkələrində ən çox istifadə olunan qidalardan biri də qızardılmış kartof - “kartof-fri”lərdir. Ləzzətlə yediyimiz, azyaşlılara verməkdən çəkinmədiyimiz bu məhsul necə ərsəyə gəlir? Aparılan “əməliyyatlardan” sonra onun bildiyimiz tərəvəz kartofla bənzərliyi qalırmı?  

Bu barədə TNS-ə danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bəzi faktlara toxunub.

O bildirib ki, restoranlarda tez-tez sifariş edilən "kartof-fri", eləcə də marketlərdə paketlənmiş şəkildə satılanlar müəyyən emal prosesindən keçir: “Kartofa kimyəvi əlavələr vurulur k, rəngi, qoxusu və tamlığı pozulmasın. Daha sonra soyulmuş, dilimlənmiş kartof az bir emal prosesindən keçirilir, yarıçiy şəkildə dondurulur. Məhsul uzun müddət soyuducuda saxlanıldığından tərkibindəki nişasta şəkərə çevrilir. Bişirilən zaman şəkər kartofun tərkibindəki kimyəvi maddələrlə birləşərək orqanizm üçün həddən artıq zərərli olan akrilamit adlı kimyəvi maddə əmələ gətirir. Bu maddə daha çox rəngverici maddədir. Bəzən bu maddələrin kimyəvi forması hər hansı bir boya hazırlanarkən, yaxud kağız və parçaların, plastiklərin boyanmasında istifadə olunur”.

Mütəxəssis vurğulayıb ki, bu maddələr orqanizmdə birbaşa qaraciyərə zərər vurur, funksiyalarını pozur. Gələcəkdə qaraçiyər sirrozuna, piylənməsinə səbəb olur: “Əksər hallarda, əlavə vurulan maddələrlə bağlı məhsulun üzərində məlumat olmur. Bu maddələr orqanizmdə həzm sistemində pozulmalara yol açır. Maddələr mübadiləsini pozur və bağırsaq mikroflorasının sıradan çıxması ilə nəticələnir. Əsas diqqət yetirilməli olan məqamlardan biri də məhsulun dondurulmuş şəkildə saxlanmasıdr. Restoran və bu kimi obyektlərdə soyuducudan çıxarılır və otaq temperaturunda, yaxud daha isti bir yerdə saxlanılır. Bu zaman da tərkibində dəyişmələr baş verir. Digər tərəfdən, kartofu əvvəldən kəskin qızdırılmış yağda bişirirlər ki, bu yağda kansoregen maddələr yaranır. Bu kansoregen maddələr kartofla birləşir və orqanizmə ikiqat zərər vurur. Xüsusilə xroniki xəstəliyi olanlar diqqət etməlidirlər.

“Kartof-fri”ni daha çox uşaqlar sevir. Bunun da əsas səbəbi odur ki, məhsulları servis edərkən Çin duzundan istifadə olunur. Daha doğrusu, monosodium qlutamat və ya mononatrium qlutamatdan istifadə edilir ki, bu da ağızda olan ənənəvi dad reseptorlarını pozaraq asılılıq yaradır. Bu zaman doyumluluq hissi olmur. Bu cür qidaları yeyənlər yarım saatdan sonra aclıq hiss edirlər”.

m-huseyn

Qida mütəxəssisi onu da bildirib ki, kartof qızartması, kartof-fri istəyənlər özləri təzə kartofdan istifadə etməklə hazırlasalar, yaxşı olar. O qeyd edib ki, kartof qızartmasını yağı həddindən artıq istiliyə məruz qoymadan hazırlamaq lazımdır.

Aygün