Close

Revmatik xəstəliklərin müalicəsini gecikdirmək ömrü qısaldır

Tibb mütəxəssisləri xalq arasında “oynaq revmatizmi” (yaxud, iltihabı) kimi tanınan bir çox alt tipə malik olan artritin daxili orqanlara təsir etdiyi, vaxtında müalicə edilmədikdə həyat keyfiyyətini aşağı saldığı və ömrü qısaltdığı barədə xəbərdarlıq ediblər.

TNS xəbər verir ki, türkiyəli professor Yavuz Pehlivan mövzu ilə bağlı açıqlama verib.

Professorun sözlərinə görə, dayaq-hərəkət sistemi xəstəlikləri ilə bağlı maarifləndirmə məqsədi ilə 1996-cı ildən etibarən oktyabrın 12-də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xüsusi gün kimi qeyd olunur. Bəzən qan analizlərində bu xəstəlik müşahidə edilməyə bilər. Oynaqlarda iltihabı isə erkən mərhələdə təsbit etmək mümkündür. Ultrasəs müayinəsi ilə şikayətləri olan bir xəstədə testlər normal olsa belə, erkən diaqnoz üsullarından istifadə oluna bilər. Nəticədə xəstələrin müalicə olunmaq şansı böyükdür.

Y.Pehlivan qeyd edib ki, yetkin əhalinin 5 faizindən çoxu risk altındadır: “Dayaq-hərəkət sistemi xəstəlikləri iş qüvvəsi itkisinə səbəb olur və buna görə də ciddi problemlərə yol açır. Bu xəstəliklərin erkən diaqnozu, erkən müalicəsi problemlərin qarşısını almaqda mühüm rol oynayır. Araşdırmalar göstərir ki, erkən diaqnozla bu xəstəliklərin tam sağalma ehtimalı var. Lakin təəssüf ki, gec diaqnoz qoyulduqda daimi əlillik halları yüksək olur. Təbii ki, bu, təkcə oynaq xəstəlikləri kimi düşünülməməlidir. Bundan əlavə, sağlamlıq ciddi şəkildə pozula bilər. Xəstəlik daxili orqanlara təsir edərək həyat keyfiyyətini də qısaltmağa qadirdir. Erkən diaqnozla oynaqlarla bağlı şikayətlərin yaxşılaşma ehtimalı var və bu yolla xəstəliklərin daxili orqanlara keçməsinin və ya daxili orqanlara təsir etməsinin qarşısı alınacaq”.

Professor diqqətə çatdırıb ki, siqaret burada aparıcı rol oynayır: “Revmatizm xəstəlikləri genetik mənşəli olsa da, bununla bağlı bəzi ətraf mühit faktorları da mövcuddur. Ən böyük risk faktoru isə siqaretdir. Yenə təəssüf ki, qida gigiyenası dediyimiz qeyri-təbii qidaların belə xəstəliklərə səbəb olduğunu bilirik. Bunları nəzərə almaq lazımdır. Bununla bağlı bir çox diaqnostik üsul mövcuddur”.