Çox yemək, hərəkətsizlik, sosial şəbəkə... – Ölümcül xəstəliklə bağlı ŞOK STATİSTİKA
Ürək-damar xəstəlikləri bütün dünyada ölüm səbəbləri arasında birinci yerdədir. Bu xəstəliklər hər il 17 milyondan çox insanın ölümünə səbəb olur. Rəqəmlər ürək sağlamlığının qorunmasının nə qədər vacib olduğunu ortaya qoyur. Ciddi narahatlıq yaradan isə artıq ürək-damar xəstəliklərinin təkcə yaşlı insanları deyil, gənc yaş qruplarını da təhdid etməsidir.
Belə ki, əvvəllər ürək-damar xəstəliklərinin 45 yaşın altında müşahidə olunmadığına dair fikir olsa da, son illərdə aparılan araşdırmalar və qiymətləndirmələr ürək-damar xəstəliklərinin 45 yaşın altında da ola biləcəyin göstərir.
Bütün bunlar ürək-damar xəstəliklərinin hansı səbəbdən bu qədər artması sualı ilə yanaşı, gənclərin ürək-damar xəstəliklərindən necə qorunmalı olduğu sualını da gündəmə gətirir.
Mövzu ilə bağlı TNS-ə danışan Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru, kardioloq Üzeyir Rəhimov suallara aydınlıq gətirib.
Dünyanın hər yerində ürək-damar xəstəliklərinin artdığını deyən kardioloq ölkəmizdə də bu xəstəliklərdən əziyyət çəkənlərin çox olduğunu bildirib: “Səbəblərdən ən önəmlisi bütün risk faktorlarının artmasıdır. Artıq bütün günü yemək yeyən, daha çox hazır qidalar istifadə edən, təbii yeməklər yeməyən insanların sayı artır. İnsana artıq çəki gətirən karbohidrat mənşəli qidalardan istifadə həddən artıq çoxalıb. Yemək saatları dəyişib. Xüsusilə, gecə saatlarında, eyni zamanda fasiləsiz qidalanma daha kök bir cəmiyyət olmağımıza gətirib çıxarıb. Bundan 60 il əvvəlin fotolarına baxsaq, kök insanlar nadir hallarda olub. Amma indi artıq çəkili insanların sayı çoxdur”.
Həkim bildirib ki, qidalanmaya bağlı təzyiq, şəkər, xolesterin problemləri də artıb. Hərəkətsiz həyat tərzinin gətirdiyi problemlərə toxunan kardioloq stress amilini xüsusi vurğulayıb: “Səbəblər arasında hərəkətsiz həyat tərzi faktı var. İnsanlar hərəkət etmir. Hər yerə nəqliyyatdan vasitələrindən istifadə edərək gedir. Nəticədə yenə çəki artır, piylənmə yaranır. Bununla yanaşı, stress amili vurğulanmalıdır. Stress ürək-damar xəstəliklərinin artmasında xüsusi rol oynayır. Sosial medianın neqativ yükü, ünsiyyətsizlik stress faktorunu yardır. Bu amil özü infarktın ən önəmli səbəblərindən biridir. Bütün bunlarla yanaşı, dərman, özünü sevməyən bir cəmiyyət olmuşuq ki, bunlar də xəstəliyin artmasına səbəb olur”.
Aygün