Onlara niyə “ağıl zəifliyi” diaqnozu qoyulur?
1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir.
Bu gün Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə təsis edilib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 1 milyarda yaxın insan müxtəlif psixi xəstəliklərdən əziyyət çəkir. Hər 40 saniyədə bir nəfər intihar nəticəsində həyatını itirir.
Hər il 3 milyon insan alkoqoldan sui-istifadə nəticəsində dünyasını dəyişir.
Ən çox rast gəlinən psixi xəstəlik depressiyadır. Təşkilatın məlumatına görə, hazırda depressiya əlillik müddətinə görə xəstəliklər arasında birinci yerdədir.
TNS Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ölkəmizdə 22 min 273 nəfər (2023) psixi və davranış pozuntusu olan xəstə var. Həmçinin 82 025 nəfər sinir sistemi xəstəliklərindən əziyyət çəkir.
Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilən sağlamlığın qorunması hüququnun təmini hər kəsin fiziki və ruhi sağlamlığının mühafizəsinə və tibbi yardımla təminatına imkan verir. Fiziki sağlamlığın qorunması və ixtisaslaşmış tibbi yardımın göstərilməsi də bu hüququn əhatə etdiyi məsələlərdəndir.
Qeyd edək ki, əlaqədar qurumlar və şəxlər ölkəmizdə mövcud psixi sağlamlıq sahəsində milli strategiyaya yenidən baxılmasını zəruri hesab edir.
Ombudsman Səbinə Əliyevanının bu məsələ ilə bağlı fikirlərinə nəzər salaq: “Azərbaycanda əhalinin müxtəlif qruplarının psixi sağlamlığının yaxşılaşdırılması, bu sahədə məlumatlılıq səviyyəsinin artırılması istiqamətində zəruri tədbirlər görülür, ayrı-seçkilik hallarına qarşı mübarizə gücləndirilir. Ombudsman təsisatı bu sahədə müvafiq dövlət orqanları tərəfindən həyata keçirilən tədbirləri, proqram və layihələri davamlı olaraq izləyir, müvafiq təhlillər aparır. Hesab edirəm ki, toplanmış məlumatlar əsasında Psixi sağlamlıq sahəsində Milli Strategiyaya da yenidən baxılması düzgün olar. Vətən müharibəsi iştirakçılarının postmüharibə dövründə peşəkar və ixtisaslaşmış tibbi, o cümlədən psixiatrik yardımla təmin olunmaları ən vacib məsələlərdən biri kimi qeyd edilməlidir. Ombudsman təsisatı olaraq bu məsələ diqqətimizdədir”.
Bu sahədə narahatedici məqamlardan biri də psixiatriya xəstəxanalarında farmakoterapiya ilə məhdudlaşan müalicənin tətbiq edilməsidir. Məsələn, Ombudsman bu məsələdə xarici ölkələrin müsbət təcrübəsinin və müasir yanaşmaların nəzərə alınmasını, izolyasiya təcrübəsindən tədricən imtina edilməsini, icma əsaslı xəstəxanaların, müalicə-istehsal sahələrinin yaradılmasını, əmək reabilitasiyası təcrübəsinin tətbiqini tövsiyə edir: “Təəssüf ki, bir sıra psixiatriya xəstəxanalarında, xüsusilə regionlarda yerləşən müəssisələrdə maddi-texniki baza və şəraitlə bağlı nöqsanlar mövcuddur”.
Bu gün qeyd olunan sahədə narahatlıq yaradan məsələlərdən biri də uyğun təhsili və təcrübəsi olmadan psixoloq kimi fəaliyyət göstərən şəxslərlə bağlıdır.
Hətta Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov psixoloji yardım həyata keçirilən özəl müəssisələrdə çalışan şəxslərin əksəriyyətinin bu sahə üzrə təhsili olmadığını dilə gətirib.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin bu məsələ ilə bağlı maraqlı açıqlamaları var. O, dövlət tibb müəssisələrində çalışan psixiatrların sayının azlığını, kadr çatışmazlığını qeyd edir.
Cəmiyyətdə psixi sağlamlıq anlayışı ilə psixi xəstəliyin bəzən eyni mənada başa düşülməsinin mənfi nəticələrinə toxunan professor deyir: “Psixi sağlamlıq əslində psixi xəstəliyin olması demək deyil, çox geniş anlayışdır. Yəni sosial, hüquqi, ictimai, iqtisadi, fəlsəfi mahiyyət daşıyır. Məsələn, intihar halları ən çox olan ölkələrdən biri Şotlandiyadır. Orada intihar hallarına həsr olunmuş bir konfransda çox maraqla bir rəqəm açıqlandı ki, intihar hallarının profilaktikasında məsuliyyətin cəmi 10 faizi tibb mütəxəssislərinin üzərinə düşür. Qalan 90 faiz cəmiyyətin digər təbəqələrinə aiddir”.
Gənclər arasında aqressiya, depressiya hallarının artdığını və bu halların aradan qaldırılması istiqamətində zəruri addımların atılmasının vacibliyini vurğulayan G.Gəraybəyli xəstəxanalarda xəstələrin uzun müddət saxlanılmasını da məqbul saymır: “Qanunda da qeyd olunub ki, 3 həkimdən ibarət komissiya xəstəni qohumunun istəyindən asılı olmayaraq evə yaza bilər. Ancaq həkimlər bir çox halda xəstənin qohumları tərəfindən şantaj edildikləri üçün bunu edə bilmirlər. Əksər xəstələrə “ağıl zəifliyi” diaqnozunun qoyulmasının səbəbi digər ağır psixi xəstəliklərə əlillik dərəcəsi verilməsində müşahidə olunan çətinliklərdir”.
Sonda bir məqamı da xatırladaq ki, Səhiyyə Nazirliyində “Müharibə əlilləri, yaralıları və şəhid ailələri ilə iş sektoru və “9109” çağrı mərkəzi fəaliyyətdədir. Həmçinin ambulator və stasionar psixiatriya xidməti dövlət tibb müəssisələri ilə yanaşı, özəl tibb müəssisələrində də göstərilir. Həmin müəssisələr həm Bakı şəhərində, həm də regionlarda yerləşir.
Aygün