Sumqayıt Tibb Mərkəzi qanvermə aksiyası təşkil edib - FOTO
Sumqayıt Tibb Mərkəzinin (STM), Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Respublika Qan Bankının dəstəyi ilə qanvermə aksiyasına start verilib.
Bu barədə TNS-ə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, iki gün davam edəcək qanvermə aksiyası STM-nin Təcili Tibbi Yardım Xəstəxanasında təşkil edilib. Aksiyanın ilk günü STM-nin direktoru Elnur Azadxanov, direktor müavinləri, struktur bölmə rəhbərləri də daxil olmaqla könüllü olaraq qatılan 100-dən çox əməkdaşı qan veriblər.
Xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülür.
Tədarük olunan qan və ondan hazırlanan preparatlardan talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən pasiyentlərin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
Aksiya sabah yekunlaşacaq.