Close

19:54
05 Oktyabr 2024

Ginekoloq: "Sosial şəbəkələr sonsuzluğa səbəb olur"

Sosial medianın inkişafı ilə insanlar arasında ünsiyyətin asanlaşması, cinsi əlaqələrin artması bu yolla keçən xəstəliklər üçün əlverişli şərait yaradır.

Bunu TNS-ə açıqlamasında mama-ginekoloq, həkim Rəşad Sultan bildirib.

O qeyd edib ki, arzuolunmaz hamiləliklərə qarşı mübarizə sonsuzluğa gətirib çıxarır: "Uşağın əmələ gəlməsi üçün yumurtalıqlar, kişi cinsiyyət vəziləri işləməlidir və qadında hamiləliyi təmin edəcək orqanlar, yəni uşaqlıq və uşaqlıq boruları normal olmalıdır. Uşaqlıq boruları keçici və uşaqlığın daxili qatı da normal olmalıdır. Müasir dövrdə bunlara təsir edəcək mənfi amillər nə ola bilər? Biz bilirik ki, cinsiyyət vəzilərinə iki faktor çox pis təsir edir. Birinci növbədə şüalanma, ikinci növbədə isə kimyəvi faktorlar. Alimlər qeyd edir ki, dövrümüzdə şüalanma artıb və bunu sonsuzluq səbəbi kimi göstərmək olar.

Şüalanma həm kişi cinsi vəzilərində spematozoid istehsalına, yetişməsinə, həm də qadın yumurtalıqlarında yumurta hüceyrələrinin yetişməsinə neqativ təsir göstərə bilər. Kimyəvi faktorlar, qidalar, ətraf mühitdə olan kimyəvi maddələr sonsuzluq prosesinə təsirsiz ötüşmür.

Sonsuzluğu yaradan amilərdən biri də qadın və kişilərdə infeksiyaların artmasıdır. Bunun artmasının səbəbi nədir? Günümüzdə interqrasiya, sosial medianın inkişafı, ümumiyyətlə insanlar arasında ünsiyyətin asanlaşması, cinsi əlaqələrin artması keçici xəstəliklərin yayılmasına səbəb olur. Bu da həm kişilərdə, həm də qadınlarda çoxalma funksiyasına mənfi təsir göstərir. Bu infeksiyalar uşaqlıq borularını tıxaya, boru faktoru ilə əlaqədar sonsuzluğa səbəb ola, uşaqlığın daxili qatında  infeksiyaya səbəb ola bilir. Yəni müasir dövrlə əlaqələndirsək, sonsuzluq buna görə artıb.

Qadınlarda yumurtalıqların ehtiyac olmadığı halda əməliyyat edilməsi, arzuolunmaz hamiləliklərə qarşı mübarizənin aparılması sonsuzluğa gətirib çıxarır. İndi gənc yaşda nikahdankənar əlaqələr artıb. Bunun qarşısını almaq üçün gənclər və yeniyetmələr arasında arzuolunmaz hamiləlikdən qorunma yolları barədə maarifləndirmə aparılmalıdır. Çünkü abortlar da gələcəkdə hamilə qalmağa mane ola bilir”.

Ayşən Azadova