Close

19:54
05 Oktyabr 2024

Bu məhsula qadağa qoyulmalıdır - Tütündən istifadə etməyənlərdə belə asılılıq yaradır

Son illərdə dünya gəncləri və hətta uşaqları yeni təhlükə ilə üz-üzədir. Söhbət siqareti tərgitməyə alternativ kimi bazara təqdim edilən “elektron siqaret” təhlükəsindən gedir. İlk dəfə 2003-cü ildə Çinli Lik Hon tərəfindən patentləşdirilən elektron siqaret 2004-cü ildə Çində, 2006-cı ildə isə ABŞ və Avropa bazarlarında satılmağa başladı. 2012-ci ildə tütün sənayesinin nəhəngləri müstəqil elektron siqaret şirkətlərini almağa başladığının şahidi olduq. 2014-cü ildən isə bu yeni və təhlükəli məhsulun siqareti tərgitmə vasitəsi kimi reklamına start verildi.

Beləliklə, elektron siqaretdən istifadə bütün düyaya, geniş kütlələrə yayıldı. Ətirli və xüsusi dizaynlı elektron siqaretlər istehsal olunaraq, təkcə böyüklərə yox, uşaqlara da satılmağa başladı. 

Beynəlxalq araşdırmalara görə, 2011-ci ildə dünya üzrə yetkin elektron siqaret istifadəçilərinin sayı təxminən 7 milyon nəfər olduğu halda, 2018-ci ildə bu rəqəm 41 milyona yüksəlib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2021-ci il üzrə “Qlobal Tütün Epidemiyası üzrə Yeni və İnkişaf Etməkdə olan Məhsullar” adlı hesabatında ilk dəfə olaraq elektron nikotin daşıma sistemləri haqqında məlumatlar yer alır və cəmi 111 ölkənin bu məhsulların istifadəsini müəyyən şəkildə tənzimlədiyi bildirilir. Hesabata görə, 2,4 milyard insanı əhatə edən bu ölkələrdən 32-si elektron nikotin çatdırma sistemi məhsullarının satışını qadağan edir. 84 ölkədə elektron nikotin çatdırılma sistemi məhsulları ilə bağlı hələ də heç bir qadağa və ya tənzimləmə mövcud deyil.

Məlumdur ki, elektron siqaretdən istifadə Azərbaycanda da kifayət qədər geniş yayılıb.

Zaman-zaman siqaretin bu növü ilə bağlı müxtəlif müzakirələr aparılır, qadağan olunması məsələsi gündəmə gəlir.

Elektron siqaretin ölkəmizdə qadağası mümkündürmü?

Milli Məclisin deputatı, iqtisadçı-alim Vüqar Bayramov TNS-ə bildirib ki, elektron siqaretlərin istifadəsi ilə bağlı yanaşma fərqlidir: “Bir sıra ölkələrdə elektron siqaretlə bağlı məhdudiyyətlər tətbiq olunsa da, bəzi ölkələrdə istifadəsi və ya idxalı ilə bağlı xüsusi qadağalar yoxdur. Azərbaycanda da elektron siqaretin qadağası ilə bağlı müzakirələr gedir. Bütün siqaretlərin insan sağlamlığına ziyanlı olduğunu nəzərə alsaq, bununla bağlı aparılan kampaniyaların genişləndirilməsinə ehtiyac var. Çünki bu cür təbliğat siqaretlərin idxal və satışına təsir göstərə bilər. Yəni, siqaretlərdən istifadə etməmək, istifadəni azaltmaq daha məqsədəuyğundur. İstehlakın azalmasına nail olmaq üçün siqaretin zərərləri daha çox təbliğ olunmalıdır”.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə TNS-ə bildirib ki, elektron siqaretlər də tütün kimi təhlükəlidir: “Təəssüf ki, ölkədə qaçaqmalçılıq yolu ilə gətirilmiş siqaretlər olduğu kimi, elektron siqartelər də var. AİB bu cür siqaretləri ifşa etməyə hazırlaşır. Qaçaqmal ona görə təlükəlidir ki, mənşəyi məlum deyil. İstərdim ki, elektron siqaret Azərbaycanda birmənalı şəkildə qadağan olunsun. Bir çox məsələ bizə Türkiyədən transfer olunub. Türkiyə vətəndaşlarının əksəriyyəti, xüsusilə qadınlar, qızlar öz valideynlərinin yanında çox rahat şəkildə siqaret çəkirlər. Getdiyim ölkələrdə müşahidə aparıram. Məsələn, Filippində siqret satışı minimum səviyyədədir. Ayrıca balaca otaqlarda, marketlərdən çox kənarda satılır. Tailandda siqaret küçəyə atılmır, bunun üçün xüsusi yerlər qoyulur. Azərbaycanda “Tütün və tütün məmulatı haqqında” Qanunda dəfələrlə dəyişklik aparılıb. Lakin biz tütün məmulatlarının tək-tək satışını yenidən görürük. Hələ bu azmış kimi, elektron siqaretlər, qəlyan da də istifadəyə və satışa sürətlə daxil olub”.

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayevin TNS-ə verdiyi məlumata görə, bəzən hətta heç vaxt siqaret çəkməyənlər belə, elektron siqaretin istifadəsinə başladıqdan sonra asanlıqla siqaret və digər tütün məmulatlarına keçir: “Elektron siqaret tərkibində nikotin və aromatizatorlar olan, buxar əmələ gətirən bir cihazdır. Elektron siqaret buxarının tərkibində tütün tüstüsündə olan təhlükəli kimyəvi maddələr var. Bu buxar kiçik hissəciklərdən ibarətdir, tənəffüs yollarına dərindən nüfüz edir, dağıdıcı təsir göstərir, ürək və ağciyər xəstəlikləri riskini artırır, həmçinin ağız boşluğunda bir sıra xəstəliklərin yaranmasına səbəb olur”.

Tofiq Musayev deyib ki, 2017-ci ildə “Azərbaycanda tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun qəbul edilməsi ilə ölkədə tütünlə mübarizə tədbirləri daha da gücləndirilib: “Bütün növ qəlyanlar və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulub.

Elektron siqaret istənilən halda tütünçəkməni dəstəkləyir, üstəlik onun tərkibindəki kimyəvi maddələr bəzi xəstəliklərin yaranmasına da zəmin yaradır. Aparılan tədqiqatlar göstərir ki, bəzi elektron siqaretlərin tüstüsündə toksik maddələrin səviyyəsi hətta siqaret qədər olur, çünki onun tərkibində kanserogen maddələr var. Həmin zərərli maddələrin hüceyrədaxili təsiri olur. Onlar da xərçəng xəstəliyinə səbəb olan amilləri gücləndirə bilər. Həmçinin, eyni elektron siqaretdən şərikli istifadə, yəni bölüşdürülərək və ya növbə ilə çəkilməsi infeksiya mənbəyi rolu oynayır, o cümlədən vərəmin yayılmasına yol açır. Elektron siqaretlərin kartricləri ilə əlaqədar da təhlükəli məlumatlar var. Bəzi uşaqlar bilmədən onu udaraq toksik təsirə məruz qalırlar”.

Aygün İbrahimli