Öldürücü xəstəliyin əsas səbəbləri - Hərəkətsizlik, piylənmə, çirkli hava…
“İnsanların bir çoxunun problemi ondan ibarətdir ki, təzyiq, şəkər, xolesterini nəzarətsiz saxlayır. Onlar xəstəlikləri ilə bağlı dərman qəbul etməyi də sevmirlər”.
Bu sözləri TNS-ə “Baku Medical Plaza”nın Kardiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Üzeyir Rəhimov bildirib.
O qeyd edib ki, dünyada olduğu kimi, bizdə də yalnış qidalanma, hərəkətsizlik, artıq çəki, piylənmə ürək xəstəliklərinə yol açır: “Ürəyi qidalandıran tac damarların hər hansı bir daralma və ya onun daxili qişasının tamlığının pozulması nəticəsində ürəkdə qan dövranının pozulması baş verir.
Ürək qan dövranının pozulması nəticəsində tam qidalana bilmir və nəticədə ürəyin işemik xəstəlikləri yaranır.
Dünyada olduğu kimi, ölkəmizdə də ürək-damar xəstəliklərinin sayı artıb. Çirkli hava kütləsi, stress, qidalanma və s. faktorlar bu xəstəliyin artmasında ciddi rol oynayır.
Siqaret çəkmək, irsi faktorlar, artıq çəki, yüksək təzyiq, şəkərli diabet isə xəstəliyin əsas səbəbləridir".
Ayşən Azadova