Close

Özümüzü necə qorumalıyıq? – Bu hal 3 gündən artıq davam edərsə…

Əsrarəngiz gözəlliyi ilə həyatımıza daxil olan payız fəsli özü ilə bərabər bir sıra fəsadları da gətirir. Mövsüm dəyişikliyi zamanı bəzi virusların geniş yayılması qaçılmaz olur. Bu dönəmdə özümüzü necə qorumalıyıq?

Həkim-terapeft Sübhan Hacıyev TNS-in sualına cavab olaraq bildirib ki, payız aylarında hava dəyişikliyi ilə əlaqədar virus və infeksiyaların, xüsusilə tənəffüs yolu xəstəlikləri daha çox artır.

“Təbiətdə baş verən mövsümi hadisələr insan həyatına təsirsiz ötüşmür. Təsadüfi deyil ki, təbiətdə olan bütün makro və mikro elementlər insan orqanizmində öz yerini tapır. Orqanizmdə bütün mövsüm dəyişikliklərində fasilələrlə müəyyən hadisələr baş verir. Payız və yay aylarında biz bir çox xəstəliklərə yoluxmanı müşahidə edirik.

Müxtəlif qrip virusları, o cümlədən pandemiyaya səbəb olan COVID-19 virusu üst tənəffüs yolları ilə bizi yoluxdurur. Daha çox insanların sıx olduğu yerlərdə bu viruslar hava-damcı yolu ilə yayılır. Mövsümi xəstəliklər əsasən baş ağrısı, yüksək hərarət, əzələ ağrısı, boğazda qıcıqlanma, burun axıntıları kimi simptomlarla özünü birüzə verir. Fəsil dəyişikliyi ilə baş verən xəstəliklər 1-3 gün davam edir. Əgər 3 gündən çox müddətdə 38 dərəcə hərarət olarsa, bu xəstəliklərə əlavə bakterial infeksiyalarda qoşula bilir. Nəticədə bronxit, pnevmoniya kimi daha ağır nəticələrlə özünü göstərir.

Belə olduğu təqdirdə mütləq həkimə müraciət etmək lazımdır. Ümumi müalicə bu kimi halları daha da kəskinləşdirə bilər”, - deyə o əlavə edib.

Həkim deyib ki, mövsüm dəyişikliyi zamanı allergik xəstəliklər də artır. Belə ki, tənəffüs yolları allergiyası özünü virus infeksiyası ilə oxşar simptomlarla göstərir: “Bunlar da differensial diaqnostika ilə ayırd edilir. Eyni zamanda xroniki xəstəliklərdən, xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən pasientlərdə təzyiqin yüksəlməsi və digər hallar müşahidə olunur.

Tövsiyəm odur ki, insanlar havaya uyğun geyinsinlər, bol maye qəbul etsinlər, mövsümi meyvə-tərəvəzlərə üstünlük versinlər, yuxu rejiminə ciddi riayət etsinlər. Payız aylarında "C", "D" vitaminlərinin qəbuluna xüsusi diqqət yetirsinlər".

Ayşən Azadova