Close

08:40
22 Dekabr 2024
08:32
22 Dekabr 2024

Payızın gəlişi ilə artan viruslara qarşı hansı tədbirlər görülür? - RƏSMİ

Payız mövsümünün başlaması ilə birlikdə əhali arasında müxtəlif virus xəstəlikləri daha da artıb. 

İstər böyüklər, istərsə də uşaqlar arasında yayılan xəstəliklər bəzən həftələrlə davam edir. Boğaz ağrısı, yüksək temperatur, ürəkbulanma və ishal, güclü əzələ ağrıları ilə müşayiət olunan xəstəliklər insanların iş qabiliyyətini də azaldır. Əhali bu xəstəliyin əlamətlərinin çox zaman “COVID-19”la eyni olduğunu irəli sürür.

Səhiyyə Nazirliyindən TNS-ə verilən məlumata görə, ölkədə koronavirusla bağlı epidemioloji vəziyyət sabitdir. Qeyd olunub ki, ölkədə rast gəlinən əsas ştamm "Omicron"un müxtəlif altnövləridir.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki,virusun mutasiyaya uğraması onun təbii təkamülü olaraq, bütün dövrlərdə davam edir: “Bu altnövlər təxminən eyni klinik əlamətlərlə müşayiət olunur və bunlara görə altnövün müəyyən edilməsi mümkün deyil. Onların hər biri digərindən yoluxuculuq sürətinə görə fərqlənsə də, immunkompetent şəxslərdə heç biri ağır xəstəlik törətmir”.

Qeyd edək ki, hazırda əhali qrip əleyhinə peyvənd etdirir. 6 aydan yuxarı olan uşaqlar, eləcə də böyüklər qrip peyvəndi oluna bilərlər.

Nazirlikdən bildirilib ki, qarşıdan gələn payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir.

Bununla əlaqədar, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib və sentyabrın 10-dan vaksinasiya başlayıb.

Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunmasının xüsusilə vacib olduğu vurğulanır.

Qeyd edək ki, hazırda dünyada yayılma təhlükəsi olan digər bir xəstəlik - meymun çiçəyi (yeni adı mpox) viruslu zoonoz xəstəliyidir. Xəstəliyin əlamətləri təbii çiçək xəstəliyinə oxşardır, lakin kliniki olaraq daha yüngül keçir. 

Virusun ötürülməsi xəstə heyvan, insan və ya virusla çirklənmiş materiallarla təmas yolu ilə baş verir. Viruslar bədənə zədələnmiş dəri, nəfəs yolları və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla baş verir. İnsandan insana ötürülmənin ilk növbədə iri respirator damcılarla baş verdiyi düşünülür. Yoluxma üçün uzunmüddətli və sıx təmas olmalıdır.

Gizli dövrü adətən 5 - 21 gündür. 5 günədək davam edə bilən başlanğıc dövrdə qızdırma, şiddətli baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, bəzən kataral və mədə-bağırsaq əlamətləri rast gəlir. Qızdırmadan 1-3 gün sonra təbii çiçəyi xatırladan xarakterik qovucuqlu səpgilər yaranır. Üz nahiyəsindən başlayır və bədənin digər nahiyələrinə keçir. Ölüm hallarının tezliyi 0-10% arasında dəyişir. Əsasən, risk qrupları arasında (kişik yaşlı uşaqlar, hamilə qadınlar, immundefisitli şəxslər) rast gəlir. İnfeksiyanın profilaktikası qeyri-spesifik (qoruyucu gigiyenik qaydalara əməl olunması) və spesifik (vaksinasiya) tədbirlərdən ibarətdir. Əsas məqamlardan biri də xəstələrin vaxtında aşkar olunması və təcrid olunmasıdır.

Nazirlikdən verilən məlumata görə, ölkəmizdə mpox infeksiyasına yoluxma halları qeydə alınmayıb: “İnfeksiyanın yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən icra olunur. Ümumilikdə hazırda Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla epidemioloji durum sabitdir, nəzarət altındadır.

Ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib. Meymunçiçəyi virusuna qarşı vaksinə gəldikdə vaksinlər az miqdarda istehsal olunur və yalnız bu virusa endemik ölkələrə paylanılır”.

Aygün