Bu bakteriyalar 39 milyon insanı öldürəcək
Elm adamları 2050-ci ilə qədər antibiotiklərə qarşı müqavimət (AMR) səbəbindən infeksiyalardan ölüm nisbətində təxminən 70 faiz artım ola biləcəyini proqnozlaşdırır.
Qlobal araşdırmaya görə, dərmana davamlı superbakteriyalar 2050-ci ilə qədər dünyada 39 milyon insanı öldürə bilər. Xüsusilə yaşlı əhali bu təhlükə ilə üz-üzədir.
Antimikrobiyal müqavimət (AMR) bakteriyaların zamanla təkamül etməsi və mövcud antibiotiklərə qarşı davamlı hal almasıdır.
Bu müqavimət infeksiyaların müalicəsini çətinləşdirir və milyonlarla insanın həyatını təhlükə altına alır.
TNS xəbər verir ki, nüfuzlu tibbi jurnal olan “The Lancet”də dərc olunan araşdırmaya görə, 2021-ci ildə bu müqavimət nəticəsində 1,14 milyon insan həyatını itirib. Lakin 2050-ci ildə bu rəqəmin 1,91 milyona yüksələcəyi proqnozlaşdırılır.
Tədqiqat vaksinasiya və təkmilləşdirilmiş gigiyena şəraitinin uşaq və gənclər arasında infeksiya ilə bağlı ölüm hallarının azaldılmasında mühüm rol oynadığını ortaya çıxarıb.
Ancaq eyni şey yaşlı əhali üçün keçərli deyil. 2021-ci ildə 70 yaşdan yuxarı şəxslər arasında AMR ilə bağlı ölüm nisbətləri 80 faiz artıb və bu nisbətin 146 faiz artaraq 2050-ci ilə qədər 1,3 milyona çatacağı gözlənilir.
Aygün