Daha az xəstələnmək üçün nə etmək lazımdır?
Payız fəslinin daxil olmasına bir neçə gün qalır. Bu fəsildə hava kimi, orqanizmdə də müəyyən dəyişikliklər baş verir. Qrip və digər viruslarla xətələnmə halları artır. Mütəxəssislər isə tövsiyə edir ki, sağlam qidalanma və düzgün həyat tərzi ilə daha gümrah və xəstəliklərdən uzaq yaşamaq olar.
Payız aylarında daha sağlam olmaq üçün necə qidalanmalı, hansı qaydalara əməl etməliyik?
Dietoloq Tutu Zeynalova mövzu ilə bağlı TNS-ə bildirib ki, əslində yay aylarında sağlam qidalanmaq, yaxşı günəşlənməklə orqanizmi payız və qış aylarına hazırlamaq lazımdır: “Payızda düzgün qidalanma ilə güclü immun sisteminə, daha sağlam olmağa və xəstələnməməyə nail olmaq mümkündür. Çünki bu mövsümdə məktəblər açılır. Uşaqlar bu ortamlarda xəstələnməyə daha çox meyilli olur. Eləcə də böyüklər tətildən qayıtdıqdan sonra xəstələnmə halları arta bilir. Bunların baş verməməsi üçün ilk növbədə yuxu rejimini tənzimləmək lazımdır. Vaxtında yatmaq vacibdir. Çünki orqanizm, özünü biz yuxuda olanda bərpa edir. Buna görə də ən gec saat 23:00-da yatmaq tövsiyə olunur. Saat 22:00-dan saat 04:00-a qədər olan zaman ərzində orqanizm özünü bərpa edir, “texniki servis” işini görür. İmmun sisteminə ən çox mənfi təsir edən, stressə salan amil yuxusuzluq, gec yatmaqdır. İkinci vacib məsələ səhər, günorta və axşam yeməyi zamanı balanslı qidalanmadır. Yetəri qədər protein, zülal, karbohidrat və faydalı yağlar qəbul etmək lazımdır ki, orqanizm güclü olsun”.
Dietoloq vurğulayıb ki, səhər yeməyi zamanı ən gözəl zülal qaynağı yumurtadır: “Yumurta, həftədə iki dəfə balıq əti yemək tövsiyə olunur. Həftədə iki dəfə paxlalılarla qidalanmaq lazımdır, çünki liflərlə zəngin qidalanmalıyıq. Hər yeməyin yanında bol yaşıllıqlı salat olsun. Bundan başqa, həftədə iki dəfə qırmızı ət, iki dəfə toyuq əti ilə qidalanmaq tövsiyə olunur. Çəkimizin 3 faizi mislində su içmək vacibdir. Kofe və çay kimi içkilər günün birinci yarısında içilsə, daha yaxşı olar. Paketlənmiş qidalardan, fast-fudlardan və şirin qidalardan mümkün qədər az istifadə etmək tövsiyə olunur. Düzdür, bu qidalar müsair insanın həyatına o qədər daxil olub ki, istifadə etməyən az insan var. Amma mümkün qədər az istifadə olunsa, yaxşı olar”.
Dietoloq bildirib ki, üzərində hər dietik yazılan məhsul dietik deyil: “Deyək ki, şəkərsizdir, amma tərkibində naməlum yağlar var. Yaxud yağsız yazılır, amma o qədər şəkər vurulur ki, yağlı olsa, daha yaxşıdır. Aldığımız qidaların etiketlərini oxumaq vacibdir. Ən əsas məsələlərdən biri də orqanizmin mineral-vitamin balansını bərpa etməkdir. Bu aylarda D vitamininin istifadəsinə başlamaq lazımdır. Hətta yayda günəşlənmiş olsaq belə, artıq oktyabra doğru D vitamini depolarımız boşalmağa başlayır. Maqnezium, ehtiyac varsa, balıq yağı, qida əlavələri istifadə etmək olar. Hər gün 5 porsiya meyvə-tərəvəz yemək lazımdır. Heç olmasa, 3 porsiya tərəvəz, iki porsiya meyvə olsa, yaxşı olar. Ümumiyyətlə, rəngli qidalanmaq vacibdir. Yəni, boşqabda nə qədər rəng varsa, qida bir o qədər sağlam hesab olunur. Fiziki aktivliyi də unutmaq olmaz. Hər gün 30 dəqiqə, həftədə 5 gün piyada gəzmək, müəyyən idman hərkətləri etmək önəmlidir. Əzələ kütləsini qorumaq məqsədilə müəyyən ağırlıqlarla hərəkətlər etmək olar. Sadaladığım şəkildə qidalanma və sağlam həyat tərzinə əməl etməklə payızda və ilboyu özümüzü xəstəliklərdən qoruya bilərik”.
Aygün