Close

22:00
18 Sentyabr 2024

Uşaqların bir saatdan artıq ekrana baxması yolverilməzdir

Uşaqlarda diqqət dağınıqlığının ən əhəmiyyətli səbəblərindən biri onların ekrana uzun müddət baxmasıdır. İbtidai sinif uşaqları üçün gündəlik ekran müddəti maksimum 1 saat, 12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün isə 2 saat olmalıdır.

TNS mövzu ilə bağlı Ankara Etlik Şəhər Xəstəxanasının Uşaq-Yeniyetmə Ruh Sağlamlığı və Xəstəlikləri bölməsinin təhsil məsləhətçisi Ayşegül Efenin “TRTHABER” verdiyi açıqlamanı təqdim edir.

Ayşegül Efe ekran vaxtına telefon, planşet, kompüter və televizor izləməyin də daxil olduğunu vurğulayıb.

Amerika Pediatriya Akademiyasının uşaqlar üçün təyin etdiyi ekran vaxtını xatırladan Efe bildirib ki, 0-3 yaş arası uşaqlar mövcud inkişaf bacarıqlarına görə, mümkünsə, heç ekrana məruz qalmamalıdırlar: “Çünki ekrandakı gərgin diqqəti yayındıran amillər və intensiv sensor stimullar bu yaş qrupundakı uşaqların idrak bacarıqlarına uyğun deyil.

3-6 yaş arası uşaqlar valideyn nəzarəti altında və valideynlə ünsiyyətdə maksimum yarım saat ekrana baxa bilər.

Xüsusilə, 12 yaşından kiçik uşaqların telefonu və ya sosial mediada şəxsi hesabı olmamalıdır. Əgər varsa, onlardan uşaqların kiber zorakılıqdan qorunması üçün ailə nəzarəti altında istifadəsi vacibdir. Tövsiyəmiz odur ki, məktəbin məsafəsi və rabitə kimi çətin şərtlər yoxdursa, 12-17 yaş aralığında olan uşaqlara smartfon telefonlar verilməsin".

O bildirib ki, sıx ekran stimulları uşaqların diqqət müddətini qısaldır: “Uşaqların onsuz da qısa olan diqqət müddətinin ekran kimi sıx bir stimula məruz qaldıqda daha da qısaldığını görürük.  Ekran məhdudiyyətləri tətbiq edildikdə və uşaqlar masa arxasında işləməyə yönəldildikdə, zaman keçdikcə onların diqqətinin artdığını müşahidə edirik”.

Mütəxəssis zamanla bu vasitələrdən yaranan asılılıqdan da danışıb.

Xüsusilə pandemiya zamanı və sonrasında internet və smartfon istifadəsinin əhəmiyyətli dərəcədə artdığına diqqət çəkən həkim bildirib: “Əslində hamımız asılılıq riski altındayıq. Telefondan uzaq qala bilməmək, "nomofobiya" (mobil telefonla əlaqəni kəsmək qorxusu), sosial şəbəkələrdə davamlı olaraq bildirişlər almaq, öz bildirişinin neçə dəfə olduğunu yoxlamaq, batareyanın tükənəcəyi və ya internetin kəsiləcəyi ilə bağlı sıx narahatlıq ekran asılılığı, stress və narahatlıq kimi çoxşaxəli davranış, emosional və uzunmüddətli təsirləri olan bir ictimai sağlamlıq problemidir”.

O vurğulayıb ki, kiber zorakılığın ictimai sağlamlıq probleminə çevrilməyə başladığı bir dövrdə uşaqlara internetdən düzgün, idarə olunan şəkildə və uyğun məzmunla savadlı şəkildə istifadə öyrədilməlidir.

Aygün