Close

08:40
22 Dekabr 2024
08:32
22 Dekabr 2024

İdmanla məşğul olanların uğur qazanması üçün nələr vacibdir?

Erkən yaşda idmana başlamaq uşaqların fiziki, əqli və emosional inkişafını dəstəkləməklə yanaşı, düzgün istiqamətləndirilmədikdə zədələrə və emosional tükənməyə səbəb ola bilər. İdmanın faydalarından tam yararlanmaq üçün balanslaşdırılmış və düşünülmüş proqramlar yaratmaq vacibdir.

TNS professor Vefik Arıcanın idmanın uşaqların fiziki və zehni inkişafına təsiri ilə bağlı “TRTHABER”ə verdiyi açıqlamanı təqdim edir.

Dünyanın nüfuzlu universitetlərindən olan Harvardda aparılan araşdırmaların nəticələrinə toxunan professor idmanın beyinin inkişafına olan müsbət təsirlərinə diqqət çəkib: “Araşdırmalar göstərir ki, müntəzəm idman edən uşaqlarda piylənmə riski 30 faiz azalır. Zehni olaraq idman beyin inkişafını sürətləndirir. Harvard Universitetində aparılan araşdırma fiziki fəaliyyətin beyin funksiyalarını 20 faiz yaxşılaşdırdığını müəyyən edib. Həmçinin, idmanla məşğul olan uşaqlar məktəbdə daha yaxşı nəticə göstərirlər, çünki idman onların diqqətini və problemi həll etmək qabiliyyətlərini artırır. Aktiv idmanla məşğul olan uşaqlar fiziki cəhətdən daha güclü olurlar. İdman uşaqların əzələ inkişafını dəstəkləməklə yanaşı, onların zehni inkişafını da sürətləndirir”.

Professor müxtəlif idman növləri ilə tanış olmağın vacibliyinə də toxunub: “Araşdırmalara görə, müxtəlif idman növləri ilə məşğul olan uşaqların empatiya hissi bir idman növü ilə maraqlanan uşaqlardan 50 faiz daha çox olur. Bundan əlavə, komanda idmanı uşaqlarda əməkdaşlıq və ünsiyyət bacarıqlarını inkişaf etdirməyə kömək edir ki, bu da onlara sonrakı həyatlarında sosial münasibətlərdə daha uğurlu olmağa imkan verir. İdmanla məşğul olan uşaqların 80 faizi özlərinə inamlarının artdığını bildirir. Komanda idmanları, xüsusən də uşaqlara məsuliyyəti öyrədir. Komanda yoldaşları qarşısında məsuliyyət hiss etmək uşaqlara daha etibarlı və intizamlı fərdlər olmağa kömək edir. Bu nailiyyətlər onların həyatının digər sahələrində də uğur gətirir”.

İdmanla məşğul olmaq faydalı olsa da, düşünülmədən və ya səhv idarə olunan idman proqramları uşaqların dayaq-hərəkət sisteminə zərər verə bilər.

Arıca bildirib ki, yanlış məşq proqramlarının uşaqlarda ciddi xəsarətlərə yol açması mümkündür: “Məsələn, həddindən artıq yüklənmə uşaqların 15 faizində böyümə plitəsinin zədələnməsinə səbəb ola bilər. Düzgün texnika ilə və ekspert nəzarəti altında təlim bu cür riskləri minimuma endirir”.

O, həmçinin bir idman növünə çox diqqət yetirməyin uşaqlar üçün riskli olduğunu qeyd edib: “Bir idman növünə həddindən artıq diqqət fiziki və əqli tükənməyə səbəb ola bilər. Araşdırmalar göstərir ki, erkən yaşda bir idman növünə diqqət yetirən uşaqların 70 faizi 13 yaşına kimi idmandan uzaqlaşır. Bu, sosial təcrid və balanssız inkişafa səbəb ola bilər. Müxtəlif idman növləri ilə məşğul olmaq uşaqlara həm fiziki, həm də əqli cəhətdən balanslı şəkildə inkişaf etməyə imkan verir."

Mütəxəssis uşaqların idmanda uğur qazanmasında ailə dəstəyinin önəmini də vurğulayıb: “İdman edərkən uşaqların həm fiziki, həm də emosional sağlamlığının qorunması vacibdir. Bu prosesi zövqlü etmək və uşaqları təzyiqdən uzaq tutmaq onların uzun müddət idmana davam etmələrini təmin edir. Ailələr uşaqlarının həm fiziki, həm də emosional sağlamlığına diqqət yetirməlidirlər. Uşaqların düzgün texnika ilə idman etmələrini və təzyiq altında olmamasını təmin etmək ən vacib ehtiyat tədbirləri arasındadır. Araşdırmalar göstərir ki, ailələrdən müsbət dəstək alan uşaqlar idman edərkən 40 faiz daha az stress keçirir. Ailələr uşaqlar idman edərkən onların əylənməsinə və dincəlməsinə imkan verməlidir".

Aygün