Close

22:00
18 Sentyabr 2024

Maqnezium çatışmazlığı şəxsiyyət dəyişikliyinə, qıcolmalara yol açır

Maqnezium bədəndə protein sintezindən tutmuş enerji istehsalına qədər bir çox prosesdə mühüm rol oynayır. Avstraliyada aparılan son araşdırma maqnezium çatışmazlığının yaratdığı problemləri ortaya çıxarıb. Sözügedən araşdırmada maqnezium səviyyəsinin aşağı olmasının orqanizmin genetik quruluşunu zədələdiyi və alzheimer, parkinson, mədə-bağırsaq xəstəlikləri, müxtəlif növ xərçəng və diabet kimi xroniki xəstəliklərə qarşı həssaslığı artırdığı müəyyənləşib.

İnsan orqanizmi üçün çox vacib olan maqnezium niyə azalır?

TNS mövzu ilə bağlı professor Zekaver Odabaşının “TRTHABER”ə verdiyi məlumatı təqdim edir.

O bildirib ki, maqnezium da natrium, kalium və fosfor kimi insan orqanizmində olan mühüm minerallardan biridir: “Sağlam insanın bədənində orta hesabla 22-26 qram maqnezium olur. Maqneziumun bədəndə paylanmasına gəlincə, təxminən 99 faizi hüceyrələrimizdə (sümüklərdə 50-60 faiz, əzələlərdə 20-29 faiz, digər yumşaq toxumalarda yüzdə 19), yalnız 1 faizi hüceyrədənkənar mayelərdə olur. Maqnezium bədənimizdəki müxtəlif biokimyəvi reaksiyaları tənzimləyən 300-dən çox ferment sistemində iştirak edən köməkçi amildir, o cümlədən zülal sintezi, əzələ və sinir sisteminin funksiyası, qan şəkərinə nəzarət və qan təzyiqinin tənzimlənməsinə nəzarət edir. Eyni zamanda, zülal və DNT istehsalı, sümük sağlamlığı, ürək ritmi, əzələ və sinir sistemi funksiyalarına təsir göstərir".

Professor maqnezium çatışmazlığının ən başlıca əlamətlərini də açıqlayıb: “Zəiflik, iştahsızlıq, əzələlərdə zəiflik, əzələ sancıları (əsasən ayaq əzələlərində) və bədəndə keyimə, titrəmə və s. Lakin maqnezium çatışmazlığı daha ciddi həddə çatarsa, şəxsiyyət dəyişikliyi, qıcolmalar və ürək ritmi pozğunluqlar inkişaf edə bilər. Unutmaq olmaz ki, ağır maqnezium çatışmazlığında kalium və kalsium səviyyələrində azalma ola, bu mineral çatışmazlıqlarına görə şikayət və simptomlar inkişaf edə bilər.

İnsan orqanizmi üçün çox vacib olan maqnezium qida ilə qəbul edilir və bağırsaqlarda sorulur. Qalığı böyrəklər vasitəsilə xaric olunur. Maqnezium qəbulunda müvəqqəti azalma olarsa, bədən buna dözə bilər. Maqnezium çatışmazlığı sağlamlıq problemi olmayan və düzgün qidalanan insanlarda nadir hallarda müşahidə olunur".

O vuğulayıb ki, maqnezium çatışmazlığı qidalanma, bağırsaqlarda malabsorbsiya, bəzi xəstəliklər və dərmanlar səbəbindən baş verir: “Alkoqol istehlakı və ya xroniki alkoqolizm maqnezium çatışmazlığının ən əhəmiyyətli səbəblərindən biridir. Bağırsaq xəstəlikləri ilə əlaqəli xroniki ishal və malabsorbsiya digər mühüm səbəbdir. Xalq arasında mədə qoruyucu kimi tanınan dərmanların uzun müddət qəbulu hipomaqnezemiyaya səbəb ola biləcəyi yaddan çıxarılmamalıdır. Sidikqovucu dərmanlar maqnezium çatışmazlığına səbəb ola bilər."

Maqnezium çatımazlığının səbəbinin tapılmasını vacib hesab edən professor problemi aradan qaldırmağın yollarından da bəhs edib: “Maqnezium bitki və heyvan mənşəli qidalarda və içkilərdə (içməli su və mineral su) olur. Yaşıl yarpaqlı tərəvəzlər, taxıllar, qoz-fındıq və paxlalılar maqneziumla zəngindir. Lifli qidalar da mühüm maqnezium mənbəyidir. Tövsiyə olunan gündəlik pəhriz qəbulu yetkin kişilər üçün 400-420 mq/gün, qadınlar üçün 320 mq/gün, hamilə qadınlar üçün isə təxminən 350 mq/gün təşkil edir. 30 qram balqabaq tumunda 150 mq, yarım boşqab qaynadılmış ispanaqda 80 mq, 30 qram badamda 80 mq, orta boy bananda 30 mq, 250 qram qatıqda 42 mq, bir stəkan süddə 25 mq maqnezium var”.

Aygün