Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Meymunçiçəyi təhlükəsi – Ölkəmizin sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib

Məlumdur ki, hazırda dünyada yayılma təhlükəsi olan viruslardan biri də “meymunçiçəyi” adı verilən virusdur. Əsasən, Afrika ölkələrində ortaya çıxan virusun daha da geniş yayılmaması üçün ölkələrdə, o cümlədən Azərbaycanda müxtəlif tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına əsasən, Səhiyyə Nazirliyində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), “Azərbaycan Hava Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüşdə hazırda bir çox ölkələrdə meymunçiçəyi virusunun sürətlə yayılması hallarını nəzərə alaraq, respublika ərazisində profilaktik tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən TNS-ə bildirilib ki, Azərbaycanda meymunçiçəyi virusu ilə şübhəli hallar qeydə alınmayıb.

Qeyd olunub ki, respublika ərazisində, eləcə də sərhəd keçid məntəqələrində şübhəli hallarla bağlı epidemioloji nəzarət gücləndirilib.

Nazirləkdən verilən məlumatda qeyd olunub ki, meymunçiçəyi (yeni adı mpox) viruslu zoonozdur (heyvanlardan insanlara keçən virus), əlamətləri təbii çiçək xəstəliyinə oxşardır, lakin kliniki olaraq daha yüngül keçir. İnfeksiyanın rezervuarına bir sıra gəmiricilər və insana bənzəməyən primatlar daxildir.

Virusun ötürülməsi xəstə heyvan, insan və ya virusla çirklənmiş materiallarla təmas yolu ilə baş verir. Viruslar bədənə zədələnmiş dəri, nəfəs yolları və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla baş verir. İnsandan insana ötürülmənin ilk növbədə iri respirator damcılarla baş verdiyi düşünülür. Yoluxma üçün uzunmüddətli və sıx təmas olmalıdır.

Gizli dövrü adətən, 5 - 21 gündür. 5 günədək davam edə bilən başlanğıc dövrdə qızdırma, şiddətli baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, bəzən kataral və mədə-bağırsaq əlamətləri rast gəlir. Qızdırmadan 1-3 gün sonra təbii çiçəyi xatırladan xarakterik qovucuqlu səpgilər yaranır. Üz nahiyəsindən başlayır və bədənin digər nahiyələrinə keçir. Ölüm hallarının tezliyi 0-10% arasında dəyişir. Əsasən, risk qrupları arasında (kişik yaşlı uşaqlar, hamilə qadınlar. Immundefisitli şəxslər) rast gəlir. İnfeksiyanın profilaktikası qeyri-spesifik (qoruyucu gigiyenik qaydalara əməl olunması) və spesifik (vaksinasiya) tədbirlərdən ibarətdir. Əsas məqamlardan biri də xəstələrin vaxtında aşkarlanması və təcrid olunmasıdır.

Nazirlik sosial şəbəkələrdə "meymunçiçəyi" virusuna qarşı Azərbaycana yeni və təhlükəli peyvənd gətirilməsi ilə bağlı yayılan məlumatlara belə aydınlıq gətirib: “Ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib. Meymunçiçəyi virusuna qarşı peyvəndə gəldikdə isə, peyvəndlər az miqdarda istehsal olunur və  yalnız bu virusa endemik ölkələrə paylanılır”.

Aygün