Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Perinatal Mərkəzin rəhbəri: “Ana ölümlərinin sayının artması...”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına əsasən, hamiləlik zamanı və ya doğuşda yaranan fəsadlar ucbatından gündə 800 qadın ölür.

Azərbaycanda da doğuş zamanı dünyasını dəyişən analarla bağlı xəbərlər cəmiyyət tərəfindən narahatlıqla qarşılanır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə doğuş və zahılıq dövründə ölən anaların sayı 33 nəfər olub. 2009-ci ildə həyatını itirən anaların sayı 37 nəfər olub, həmin ildən başlayaraq, ölən anaların sayında azalma qeydə alınıb. Amma ötən il say yenidən 30-u keçib.

Hamiləlik və doğuş zamanı baş verən ana ölümlərinin sayının artmasının səbəbləri nədir?

TNS-in bu barədə suallarını Sumqayıt Perinatal Mərkəzinin rəhbəri, Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli cavablandırıb.

O bildirib ki, 2023-cü ildə baş verən ana ölümlərinin sayının 33 olması ana ölümlərinin sayının artması deyil, beynəlxalq standartlara əsasən verilmiş tam həcmdə statistikadır: “Əslində, 2023-cü il ərzində birbaşa  ana ölümlərinin sayında artım müşahidə edilmir, əksinə müəyyən qədər azalma var.

Ana ölümləri mamalıq səbəbləri ilə bilavasitə və dolayı yolla bağlı olan ölümlər olmaqla iki qrupa bölünür. Mamalıq səbəbləri ilə dolayısı yolla bağlı olan ölümlər əvvəl mövcud olmuş və ya hamiləlik zamanı əmələ gələn, mamalıq səbəbləri ilə bilavasitə bağlı olmayan, lakin hamiləliyin fizioloji təsirindən ağırlaşan xəstəliklərdən baş verən ölümdür. Bunlara ekstragenital səbəbdən ana ölümləri də deyilir”.

teranerecebli-728x440

Təranə Rəcəbli qeyd edib ki, ekstragenital səbəbdən baş vermiş ana ölümlərinin artma tendensiyası müşahidə olunur: “Təəssüflə qeyd etməliyəm ki, ekstragenital səbəbdən baş vermiş ana ölümlərinin artma tendensiyası müşahidə olunur. Səbəblər arasında fertil (red-reproduktiv) yaşlı qadınlar arasında ekstragenital xəstəliklərin vaxtında aşkarlanıb, müalicə olunmaması xüsusi yer tutur. Fertil yaşlı qadınlarımız planlaşdırılmış hamiləlikdən öncə müayinə olunmalı və xəstəlikləri aşkarlanaraq müalicə almalıdır”.

Azərbaycanda bu sahədə olan problemləri azaltmaq üçün hansı addımların atılmasına gəlincə, mərkəz rəhbəri bildirib ki, ölkəmizdə ana ölümlərinin sayının minimuma endirilməsi istiqamətində ciddi tədbirlər görülür, əhali maarifləndirilir: “Ana ölümlərinin sayının minimuma endirilməsi istiqamətində daha effektiv nəticələrin əldə edilməsi üçün bir neçə vacib məqamlar var ki, buna hər kəs əməl etməlidir. Əgər buna əməl edilərsə, biz gələcək illərdə daha müsbət nəticələr görə bilərik. İlk növbədə fertil yaşlı qadınların ekstragenital xəstəliklərini vaxtında aşkarlayıb, müalicə etmək, hamilələri erkən antenatal qulluğa cəlb etmək, risk qrupu hamilələri vaxtında aşkarlamaq və adekvat tədbirlər görmək, ailə planlaşdırılması işini gücləndirmək, abortların və cərrahi doğuşların sayını azaltmaq, eləcə də hamiləlik və zahılıq dövrü qanaxmaların, həmçinin preeklamsiya və eklamsiyaların qarşısını almaq lazımdır. Hamiləliyə hazırlaşan hər bir qadın və onun ailəsi mümkün qədər əvvəlcədən məlumatlanmalı, ananın sağlamlığı üçün ölkəmizdə olan mövcud imkanlardan zamanında və müntəzəm yararlanmalıdır”.

Aygün İbrahimli