Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Bu xəstəlik dünyada sürətlə yayılır - Ölkəmizdə vəziyyət necədir?

Dünyanın bir çox ölkəsində uşaq və yeniyetmələr arasında göyöskürək xəstəliyinə yoluxma halları artır.

Məsələn, Kanadanın Kvebek əyalətində ilin əvvəlindən 11,6 mindən çox şəxsdə xəstəliyə yoluxma halı qeydə alınıb. 2015-2019-cu illərdə bu rəqəm orta hesabla ildə cəmi 562 hal olub. Xəstəliyə yoluxanların əksəriyyətinin 10-14 yaş arası yeniyetmələr olduğu bildirilib.

Qeyd edək ki, Azərbaycana yaxın ölkələrdə də bu xəstəliyin yayılması müşahidə olunur. Tanınmış pediatr Vaqif Qarayev qonşu Gürcüstanda xəstəlyin geniş yayıldığını açıqlamış, bu ölkəyə gedib-gələnlərin diqqətli olmaları ilə bağlı sosial şəbəkədən çağırış da etmişdi.

Hazırda ölkəmizdə göyöskürəklə bağlı vəziyyəti necə dəyərləndirmək olar?

Vaqif Qarayev TNS-ə bildirib ki, ölkədə vəziyyəti qənaətbəxş hesab etmək olar: “Mənim fikrimcə, ölkədə göyöskürəklə bağlı vəziyyəti qənaətbəxşdir. Çünki bir-iki ay əvvəlki kütləvi xəstələnmələr müşahidə olunmur. Düzdür, həmin vaxt da göyöskürəklə bağlı rəsmi epidemiya etiraf olunmadı. Əksəriyyətin müayinə olunmadığını, analiz vermədiyini, pərakəndə şəkildə müalicə olunduğunu irəli sürdülər. Amma fakt bu idi ki, göyöskürəklə xəstələnən uşaqların sayı həddən artıq çox idi. Hamısı da peyvəndsiz uşaqlardı”.

Pediatr vurğulayıb ki, yenə də ölkədə kifayət qədər peyvəndsiz uşaq var. Ümumiyyətlə, tək göyöskürəklə yox, peyvənd altına düşən bütün xəstəliklərlə bağlı təhlükə hər zaman mövcuddur: “Nə qədər ki, uşaqlar peyvəndsizdir göyöskürək və digər yoluxucu xəstəliklərlə bağlı təhülkə də olacaq. Hazırda ara-sıra xəstələnənlər var.

Uşaqların peyvəndsiz qalmağı ciddi problemdir. Qızılcaya qarşı iki dəfə peyvənd olunmaq şərtdir. Göyöskürəyə qarşı isə uşaq yaşa uyğun bir neçə dəfə peyvənd olunmalıdır ki, davamlı immunitet yaransın. Valideynləri uşaqlarını peyvənd etdirməyə çağırıram. Göyöskürəklə xəstələnənlər təkcə uşaqlar deyil, böyüklər, hətta ailəlikcə xəstəliyə yoluxanlar olur”.

Həkim onu da qeyd edib ki, səhhətində problem yararan şəxs xəstəliyin il günlərində analiz verilməlidir: “Təcrübə klinik əlamətlərə görə, diaqnoz qoymağa imkan verir. Amma konkret sözü analizin cavabı deyir. İnsanlar isə analiz vermirlər. Heç sahə həkiminə də getmirlər, öz bildikləri üsullarla müalicə olunurlar”.

 Aygün