40 yaşdan sonra gözdə yaranan problemlər – Vaxtında müalicə olunmasa...

40 yaşdan sonra göz almasında bəzi dəyişikliklər müşahidə olunmağa başlayır. Bu dəyişikliklərdən bəziləri görməyə ciddi təsir etməsə də, digərləri çox ciddi və görmə itikisinə səbəb ola bilər.
Mütəxəssislər bildirir ki, yaranacaq problemlərin qarşısını vaxtında almaq üçün 40 yaşdan sonra gözdə inkişaf edə biləcək xəstəliklər haqqında məlumata sahib olmaq, ən az ildə bir dəfə göz həkiminin müayinəsindən keçmək lazımdır.
Həkim-oftalmoloq, Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Emin Əlihüseynli TNS-ə 40 yaşdan sonra müşahidə edilən 7 əsas göz xəstəliyi barədə danışıb.
O bildirib ki, bəzi insanlarda 40 yaşından sonra gözlərdə presbiopik dəyişikliklər müşahidə oluna bilər: “Presbiopiya – gözün refraksiya qüsurudur, bu zaman insan yaxın məsafədən kiçik şriftləri və balaca əşyaları görə bilmir. Bu vəziyyət yaşlanmaqla əlaqədar yaranan görmə problemlərindən biridir. Xüsusi ilə yaxın görmənin yaşa dolduqca pisləşməsi bu cür vəziyyətlərə səbəb olur. Bu zaman gözün bülluru qalınlaşaraq elastikliyini itirir. Ona görə də yaşlı insanlarda kitab və qəzet oxumaq, tikiş tikmək və ya kompüterdə saatlarla işləmək müxtəlif göz problemlərinə səbəb olur. Yəni yaxın məsafəni (40-50 sm) görmənin pozulması ilə yanaşı, baş ağrısı, göz ağrısı, yorğunluq və yuxulu vəziyyətlər yaranır”.
Digər bir göz problemi quru göz sindromudur. Bu, gözün təbii mayesinin və nəmləndirilməsinin xroniki çatışmazlığı nəticəsində meydana gələn patoloji vəziyyətdir: “Bu zaman gözün ön qişalarının zəif, lakin daimi iltihabı müşahidə olunur. Daimi quruluq, göynəmə, qızartı və yanma hissi quru gözün əsas simptomlarıdır. Bu əlamətlərdən biri olsa belə, göz həkiminə müraciət edilməlidir”.
Həkim bildirib ki, göz almasının içərisində hər iki tərəfi qabarıq linzanı xatırladan büllur yerləşır. Büllurun qabarıb, çökməsi bizim gözümüzə fokuslamaq qabiliyyəti verərək, görməmizə kömək edir. Normal büllurun şəffaf olduğunu deyən həkim qeyd edib ki, insan yaşa dolduqca büllurun şəffaflığı azalır, bulanmağa başlayır: “Bulanmış büllur katarakt adlanır və el arasında “mirvari suyu” deyilir. Katarktdan əziyyət çəkən şəxslərin görməsi onun bulanma dərəcəsindən asılıdır.
El arasında “qara su” kimi tanınan qlaukoma xəstəliyi yüksək göz daxili təzyiqi nəticəsində görmə sinirinin zədələnməsi, bununla da xəstənin görmə sahəsinin tədricən daralması və müalicə olunmadığı təqdirdə görmənin geridönməz itiriməsinə səbəb olan xəstəlikdir. Özünü xəstəliyin ən son mərhələsində bildirən hiyləgər qlaukoma gec müalicə olunduqda görmə sinirinə çox ciddi və bərpaolunmaz zədə vura bilər”.
Digər bir problem diabetik retinopatiyadır ki, bu xəstəlik şəkərli diabetdən əziyyət çəkən xəstələrdə göz dibini örtən və sinir toxumasından ibarət tor qişanın damarlarının zədələnməsi zamanı əmələ gəlir: “Bu zaman tor qişanın damarlarının divarı zədələnərək, oradan tor qişaya qan sızır. Bundan əlavə yeni və anormal damarlar əmələ gəlir.
Şüşəvari cisim şəffaf gelvari maddə olub, yumurtanın ağını xatırladır. Gənc yaşlarda tamamilə şəffaf və homogen olan şüşəvari cisim insan yaşlandıqca qatılaşır. Bu zaman şüşəvari cismin tərkibində nöqtəvari, sapvari və hörümçək toruna bənzər destruksion dəyişikliklər inkişaf etməyə başlayır.
Xəstəliyin əsas əlaməti bir və ya hər iki gözün mərkəzi görməyə cavabdeh makula nahiyyəsinin zədələnməsi, bununla da mərkəzi görmənin zəifləməsidir. Yaşla əlaqədar makulyar degenerasiya yaşı 60-dan yuxarı olan insanlarda daha çox təsadüf oluna bilər. Statistikaya görə, yer üzərində 30 milyon insan hələ də sonadək öyrənilməmiş bu xəstəlikdən əziyyət çəkir. Son məlumatlara əsasən, makulyar degenerasiya daha gənc yaşlarda təsadüf edilməyə başlayıb, artıq 40 yaşlı qadın və kişilərdə müşahidə olunur”.
Aygün