Nə üçün torpaq, təbaşir, gil yeyirik?

Torpaq, təbaşir və gil kimi maddələri yemək vərdişinin əsas səbəbləri uşaqlarda və böyüklərdə fərqlidir. Pika sindromu adlanan bu vərdiş müalicə olunmazsa, həyati təhlükə yarada bilər.
Bu vəziyyət qidalanma pozulmasından sonra yaranır. Vərdişə daha çox uşaqlarda rast gəlinir. Amma hər yaşda olan insanlarda sindromun olması mümkündür. Uşaqlarda pika adətən vitamin çatışmazlığını göstərir. Böyüklərdə vəziyyət bir az daha mürəkkəbdir. Çünki pika sindromu böyüklərdə çox vaxt başqa bir psixiatrik xəstəliyin göstəricisi ola bilər.
TNS "TRT Haber"ə istinadən psixiatr, professor Nesrin Dilbazın fikirlərini təqdim edir.
O bildirib ki, pika sindromu ən çox 2-3 yaş arası uşaqlarda baş verir: “Sindrom daha çox dəmir, kalsium, sink, B1 və B6 vitaminlərinin çatışmazlığı olan uşaqlarda müşahidə olunur. Vitamin çatışmazlığı aradan qaldırılanda problem həll edilir. Ancaq bəzən vitamin çatışmazlığı həll olunsa belə, problem davam edə bilər. O zaman pika sindromuna səbəb olan psixoloji səbəblər araşdırılır. Ailədə ünsiyyətin olmaması, valideyn laqeydliyi və ya stimullaşdırmanın olmaması uşaqlarda qidalanma pozğunluğuna və pika sindromuna səbəb ola bilər. Bu problem uşaqlarda özünə inamı azaldır, depressiya və narahatlıq riskini artırır: Yeyilən maddələrin zəhərli təsirləri səbəbindən məktəbdə öyrənmə səviyyəsi aşağı düşür. Pika sindromu onların həm məktəbdə, həm də evdə digər fərdlərlə sosial münasibətlərinə mənfi təsir göstərdiyi üçün mümkün qədər tez müalicə edilməlidir”.
Professor qeyd edib ki, pika sindromu yeniyetmələrdə və ya gənclərdə streslə mübarizə üsulu kimi ortaya çıxa bilər: “Stres və narahatlıq artdığı zaman bu cür yemək davranışı ilə stresi idarə etmək, narahatlıq və depressiya ilə mübarizə aparmaq cəhdi kimi ortaya çıxır. Böyüklərdə pika sindromunun dopamin çatışmazlığından qaynaqlanması mümkündür. Bu, şizofreniya, obsesif-kompulsif pozğunluq (OKB) və ya depressiya kimi başqa bir əsas psixiatrik xəstəliyin əlaməti ola bilər".
Həkim vurğulayıb ki, pika sindromu mütləq müalicə olunmalıdır: “İnsanların çoxu bunun bir xəstəlik olduğunu qəbul etmirlər. Bəzi hallarda insanlar yaşadıqları vəziyyəti qəbul etmir, hətta gizlədirlər. Belə hallarda orqanizmdə zəhərli maddələr toplanır və həyat üçün təhlükə yaradır. Xəstəliyin müalicəsi komanda şəklində aparılmalıdır.
Xəstəlik dopamin çatışmazlığından qaynaqlanırsa, psixiatr və onun komandasındakı psixoloq xəstənin bu mövcud psixoloji amillərinə diqqət yetirməlidir. Müalicə qrupunda bir dietoloq ilə birlikdə qidalanma planı hazırlanmalıdır. Bu, müalicənin ən vacib hissəsidir. İnsanı yanlış qidalanma meylinə sövq edən amillərin aradan qaldırılması şərtdir”.
Aygün