Ölkədə peyvəndlənmə ilə bağlı vəziyyət necədir? - RƏSMİ
“Ölkə ərazisində profilaktiki peyvəndlərlə əhatə olunma 2023-cü ilin ötən dövrü ilə müqayisədə 2024-cü ilin 6 ayı ərzində bir qədər artıb”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən TNS-in sorğusuna cavab olaraq bildirilib ki, bu ilin mart ayından Azərbaycanda altı komponentli Heksavaksin tətbiq edilir. Heksavaksinlə peyvəndləmə uşaqların 2, 3, 4 aylığında aparılır. Məlumatda vurğulanıb ki, Heksavaksin 6 infeksiyaya qarşı (göyöskürək, difteriya, tetanus, b tipli hemofil infeksiya, hepatit B, poliomielit) qorunmanı təmin edir.
Eyni zamanda, digər peyvəndlərdən kənarda qalan uşaqların peyvəndlərə cəlb olunması davam etdirilir.
Qeyd edək ki, uşaqların peyvənd olunma dərəcəsi ilə bağlı UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən məlumat dərc olunub.
Məlumatlarda, uşaqlar üçün ən vacib immunitet vasitələrindən biri olan difteriya, tetanoz və göyöskürək (DTP) peyvəndinin hər 3 dozasını alan uşaqların sayının 2023-cü ildə yüzdə 84 nisbətində sabit olaraq qaldığı açıqlanıb.
Digər tərəfdən, bir doza belə peyvənd olunmayan uşaqların sayı 2022-ci ildə 13,9 milyon olduğu halda, 2023-cü ildə bu rəqəm 14,5 milyon nəfərə yüksəlib.
Bu vəziyyətin səbəbinin səhiyyə xidmətlərindəki boşluqlar, maddi-texniki çətinliklər, peyvəndlə bağlı tərəddüdlər və səhiyyə xidmətlərinə çıxışdakı bərabərsizliklər ola biləcəyi diqqətə çatdırılıb.
Məlumatlar həmçinin göstərir ki, təxminən 35 milyon uşaq ümumiyyətlə peyvənd olunmayıb və ya natamam peyvənd olunub.
2023-cü ildə dünyada uşaqların yalnız 83 faizinin qızılca peyvəndinin ilk dozasını aldığı bildirilsə də, bu rəqəmlərin epidemiyaların qarşısını almaq üçün tələb olunan 95 faizdən az olduğu vurğulanıb.
Bildirilib ki, son 5 ildə qızılca epidemiyası 103 ölkəni əhatə edib, peyvəndin güclü olduğu 91 ölkədə isə epidemiya yaranmayıb.
Aygün