Close

Uşaqlar arasında infeksiya yayılıb – Antibiotikdən isifadə yolverilməzdir

Yay aylarında xüsusilə uşaqlar arasında ishal halları artır. Mütəxəssislər bunun çirklənmiş su, vaxtı keçmiş dərmanlar və qida zəhərlənmələri ilə əlaqəli olduğunu deyirlər.

İshalın yaranma səbəbləri arasında ən çox rast gəlinən yoluxucu virusların təsiridir. Bundan başqa, bakteriya, parazit, göbələk və digər yoluxucu səbəblər də var. Yoluxucu olmayan səbəblər arasında isə çirklənmiş sular, çirklənmiş hovuz, göl, axar su, pasterizə olunmamış süd və süd məhsulları, pis bişmiş və yaxşı yuyulmamış tərəvəz və meyvələr, saxlama müddəti ötmüş məhsullar, uzun müddət açıq havada saxlanılan qida məhsulları və çirklənmiş quyu suyu ola bilər.

Tanınmış pediatr-həkim Vaqif Qarayev TNS-ə bildirib ki, yay aylarında böyük insanlarda, eləcə də uşaqlarda mədə-bağırsaq problemləri artır: “Yayda xüsusilə uşaqlar arasında qusma və ishalla müşayiət olunan xəstəliklər artır. Bunun səbəbləri müxtəlifdir. Viruslar, bakteriyalar, parazitlər və s. səbəb ola bilər. Müalicədən əvvəl yaranmış halın səbəbi dəqiqləşdirilməlidir”.

Pediatr bildirib ki, hazırda uşaqlar arasında rotavirus deyilən infeksiya yayılıb: “Bu halda temperatur yüksəlir, qusma, ishal və s. baş verir. Belə vəziyyətdə antibiotiklərdən istifadə etmək olmaz. Çünki antibiotik vəziyyəti daha da ağırlaşdıracaq. Belə ki, xəstəliyi törədən virusdur. Amma salmonellyoz, dizenteriya və s. kimi bakteriyalar tərəfindən törədilən xəstəliklər var ki, mədədə ciddi problemlər yarana bilir. Bu zaman əlbəttə ki, antibiotik müalicəsi vacibdir. Yəni, biz müalicədən əvvəl gərək, baş verən narahatlığın səbəbini araşdıraq”.

Həkim valideynlərə çağırış edib: “Buradan valideynlərə demək istəyirəm ki, əgər uşaqlarda, xüsusilə 3 yaşına qədər olan körpələrdə davamlı qusma və ishal varsa, qətiyyən özünümüalicə ilə məşğul olmaq, antibiotik vermək olmaz. İlk növbədə qusma və ishal yolu ilə itirilən mayenin yeri doldurulmalıdır. Bu isə artıq tibbi müdaxilədən sonra mümkündür. Bu halda həkim, həm də problemin səbəbini araşdırıb adekvat müalicə yazacaq”.

Qeyd edək ki, uşaqlarda gündə 3-dən çox defekasiya ishal sayılsa da, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ana südü və ya süd qarışığı ilə qidalanan uşaqlarda 6-dan çox defekasiya ishal sayılır.

Aygün