Close

Gözoxşayan protez dırnaqlar, qaynaqlar hansı xəstəliklərə səbəb olur?

Bu gün qadınların əksəriyyəti silinməsi mümkün olmayan dırnaq boyası və dınaq qaynaqlarından istifadə edir. Bu kosmetik prosedurlar dırnaqlarda uzunmüddətli zərif görüntü yaratmaqla yanaşı, ciddi sağlamlıq problemlərinə də yol aça bilər. Çünki bu cür kosmetik tətbiqlər allergiya, göbələk xəstəlikləri, dırnaqların deformasiyası, dırnaq yatağı xərçəngi riskini artırır. Ətrafda təbii dırnaqları olan qadınların sayının getdikcə azaldığı bir vaxtda bu problemin ciddiliyi də gündəmə gəlir. Protez dırnaqlar və qalıcı dırnaq boyası sağlamlığımızı necə təhdid edir?

TNS bununla bağlı mütəxəssislərin fikirlərini təqdim edir.

Mütəxəssislər bildirir ki, protez dırnaqlar və qalıcı dırnaq boyaları dırnaqlarda uzun müddət qalır. Bu müddətdə dırnaqlar nəfəs ala bilmir. Xüsusilə çatlamış, qırılan və incəlmiş dırnaqlarda bu tətbiqlər zamanla dırnağın incəlməsinə, deformasiyaya uğramasına və xarab olmasına səbəb olur. Daimi dırnaq boyası, protez dırnaq tətbiqi və parıltı kimi dırnaq kosmetikası göbələk xəstəliyinə yol açır. Xüsusilə məhsulların istehsalında və dırnaqdan çıxarılmasında istifadə edilən kimyəvi maddələr dırnaqlarına ciddi zərər verir, göbələk infeksiyasının inkişafı üçün əlverişli mühit yaradır.

Allergik reaksiyalar ola bilər...

Məlumdur ki, akril dırnaqlar hazırlanarkən tərkibində müəyyən kimyəvi maddələr olan yapışdırıcılardan da istifadə olunur. Bəzi insanlarda akril dırnağın özünə və ya yapışdırıcılarına qarşı allergik kontakt dermatit inkişaf edə bilər. Nəticədə dırnaq dolaması, dırnaq deformasiyası və dırnağın yatağından ayrılması kimi problemlər yaranır. Bu səbəblə həssas dərisi olan insanlar proseduru edərkən çox diqqətli olmalıdırlar.

Xərçəng riski var...

Bir çox mütəxəssis ultrabənövşəyi işığın (UV) zərərlərinə diqqət çəkir. Xüsusilə də daimi dırnaq boyası tətbiqində istifadə olunan UV şüaları yayan və qalıcı dırnaq boyasını düzəltmək üçün istifadə edilən lampalar çox ciddi bir xəstəliyə səbəb ola bilər. Bunun ən birinci səbəbi, dırnaq yatağımızın ultrabənövşəyi şüalara məruz qalmaq üçün uyğun olmayan bir sahə olmasıdır. Bu cür tətbiqlərin hər mərhələsində dırnaqlarımız təxminən bir dəqiqə ultrabənövşəyi şüalara məruz qalır. Mütəxəssislər isə bu qədər ultrabənövşəyi şüa alan bu bölgənin gələcəkdə dırnaq yatağı xərçənglərinin artmasına səbəb ola biləcəyini deyir. 3-4 həftədən bir nizamlı olaraq həyata keçirilən tətbiqlər bu riski daha da artırır.

Aygün