Close

Dənizə və hovuza linza ilə girmək təhlükəlidir – Kor ola bilərsiniz

Yayda sərinləmək üçün dənizə və ya hovuza gedənlər mütləq gözlərindəki linzalarını çıxarmalıdırlar. Çünki linza ilə suya girənlərin gözündə ciddi infeksiyalar yarana bilər.

TNS xəbər verir ki, bunu türkiyəli professor Banu Açıkalın deyib.

O bildirib ki, dənizdən və ya hovuzdan zövq alanların diqqət etməli olduğu ilk məqam gigiyenadır: “Hovuzdan və ya dənizdən çıxdıqdan sonra əllər və üz yaxşı-yaxşı təmizlənməlidir. Çünki əllərimizdə, üzümüzdə virus və bakteriya ola bilər. Bunlar gözlərə daxil olur və infeksiyaya səbəb olur. Bəzi viruslar - xüsusən də adenoviruslar gözlərdə ləkələrə səbəb olur. Bu da görmək qabiliyyətinin itməsi ilə nəticələnir.

Hovuzlarda istifadə olunan dezinfeksiyaedici maddələr, xüsusilə xlorun səviyyəsi göz sağlamlığını təhdid edən mühüm faktordur. Suda xlorun səviyyəsi yüksək olarsa, gözlərdə allergiyaya səbəb ola bilər”.

Professor vurğulayıb ki, dənizə və ya hovuza üz tutanlar gözlərindən linzalarını çıxarmalıdırlar: “Hovuz və dəniz suyunda olan mikroblar, bakteriya və viruslar linzanın strukturuna sızaraq, oraya yerləşir. Hətta orada çoxalıb, gözə keçir. Bu da gözlərdə ciddi infeksiyalara səbəb ola bilər. Yay aylarında birdəfəlik linzalardan istifadə etmək daha məsləhətlidir. Allergiyaya səbəb olmadığı və atıldığı üçün yoluxma riski azdır”.

Həkim onu da bildirib ki, yay aylarında ultrabənövşəyi şüalardan qoruyan günəş eynəklərindən mütləq istifadə olunmalıdır: “Günəş eynəkləri olmadan heç vaxt çölə çıxılmamalıdır. İstifadə olunacaq günəş eynəkləri də xüsusi seçilməlidir. Üz quruluşuna uyğun, geniş çərçivəli və şüşələrinin lazımi testlərdən keçməsi tövsiyə olunur.

Diqqət edilməli olan daha bir vacib məqam mümkün göz problemi zamanı dost-tanış tövsiyəsi ilə damcı və ya dərmandan istifadə etməməkdir”.

Aygün