Close

Texnologiya çağının xəstəlikləri – Onurğada əyrilik, gözlərdə, dişlərdə, qulaqlarda dözülməz ağrılar...

Texnologiyanın sürətli inkişafı, insanların, xüsusilə uşaqların ənənəvi ünsiyyət formalarından imtina edərək virtual dünyanın bir hissəsinə çevrilməsi çox ciddi sağlamlıq problemlərinə yol açır.

Virtual aləmdə dost qruplarının formalaşdığı, oyunların qurulduğu, təhsil və araşdırmaların rəqəmsallaşdığı, informasiya və əyləncəyə çıxışın 2 yaşa qədər azaldığı bir dünyada anatomik pozğunluqlar, sağlamlıq problemləri də özünü göstərməyə başlayıb. Bu problemlərin yaxın gələcəkdə, xüsusən də texnologiya əsrində doğulan nəsillərin əsas sağlamlıq problemlərindən birinə çevriləcəyi gözlənilir.

Mövzu ilə bağlı TNS-ə danışan fizioterapevt Zaur Əliyev bildirib ki, telefon və kompüterdən istifadə, hərəkətsizlik onurğa sütununu əyir, ciddi sinir problemləri yaradır: “Kompüter və telefonlardan davamlı istifadə nəticəsində qollarda, başda, gözdə, dişdə, hətta qulaqlarda ağrılar yaranır. Ən əsası da onurğa əyilir. Telefona, kompüterə baxanda istər-istəməz insanın başı aşağı əyilir. Bu zaman onurğada əyilmələr, fəqərə burulmaları baş verir. Bu da sinir sıxılmasına səbəb olur”.

Həkim bildirib ki, bu cür problemlər böyüklərdə də baş verir, amma daha çox uşaqlarda özünü göstərir: “Telefon və kompüterdən davamlı istifadə uşaqların bütün psixikasını pozur. Yanıma bir uşaq gətirmişdilər. İnsanın üzünə baxanda gözlərini davamlı qırpırdı. Araşdırıb baxırıq ki, bütün günü kompüter və telefona baxdığı üçün beyində qıcıqlanma baş verir və nəticədə gözündə problem yaranır. Valideyn bir həftə nəzarət edib, istifadə etməsyinə imkan vermədi. Bir həftə sonra gətirdi və artıq uşaqda bununla bağlı heç bir problem qalmamışdı”.

Aygün