Close

19:23
02 İyul 2024

Bu dondurmalar uşaqların ölümünə səbəb ola bilər

Yayın sevimli qidalarından biridir dondurmalar. Bu desert sərinləmək üçün ideal olmaqla yanaşı, həm də vitamin və minerallar baxımından zəngindir. Bu gün mağazalarda kifayər qədər çox çeşid və adda dondurma var. Düzdür, dondurmaların çoxunun sadəcə adı və kağızı fərqli olsa da, dadlarında elə bir fərq yoxdur. Amma alıcını əsas maraqlandıran məhsulun sağlamlıq baxımından faydalı olmasıdır. Çünki dondurma ilə bağlı ortaya çıxan mənzərədən belə başa düşmək olar ki, satışda olan dondurmalar faydadan çox, zərər verə bilər.

Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqlər aparır. Uyğunsuzluq aşkar edilmiş minlərlə dondurma məhsulu ticarət şəbəkələrindən geri çağırıldığı və məhv ediləcəyi açıqlanır.

Məhsullarda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (enterobacteriaceae) aşkarlanıb. Monitorinqlərin nəticələri ilə razılaşmayan istehsalçılar da var.

Amma alıcını bu suallar düşündürür: zərərsiz, sağlamlığa faydalı dondurmanı necə tapmaq olar? Dondurmaların tərkibində aşkarlanan bakteriyalar sağlamlıq üçün nə dərəcədə təhlükəlidir?

Mövzu ilə bağlı TNS-ə danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, ilk növbədə dondurmanının istehsalında istifadə olunan süd sağlam, baytar nəzarətindən keçən heyvandan əldə olunmalıdır: “Südün sağılması, daşınması və saxlanması prosesində sanitar-gigiyena normalarına əməl olunmalıdır. Süd zülal mənşəli olduğundan daha tez xarab olmağa meyillidir. Tərkibində mikroorqanizmlərin çoxalması insan sağlamlığında bir çox fəsadlar, gələcəkdə qarşısıalınmaz problemlər yarada bilər. Dondurmada istifadə olunan qaymaq, yağ kimi məhsullar da heyvan mənşəli olduğu üçün keyfiyyətli olması vacibdir. Bəzən süd əvəzinə quru süddən, sənaye üsulu ilə hazırlanmış süd yağı məhsullarından istifadə olunur ki, bunlar da bir çox sağlamlıq probleminə yol açır. Xüsusilə, həssas, xroniki xəstəliyi, allergiyaya meyilliliyi olan insanlarda problemlər ola bilər. Həzm sisteminin pozulmasına, bağırsaq mikroflorasının dəyişməsinə və nəticədə immun sisteminin zəifləməsinə gətirib çıxarar”.

Mütəxəssis dondurmalarla bağlı aparılan monitorinqlərin yaxşı hal olduğunu deyib, insanlarda əminlik yaranması üçün bir çox məqamlara əməl edilməsinin vacibliyinə də diqqət çəkib: “Götürülən nümunələrin nəticəsində məhsullarda qüsur və nöqsanlarla yanaşı, həm də insan sağlamlığı üçün təhlükəli olan bakteriyalar (enterobakteriya) aşkarlanıb. Həmin enterobakteriyaların 50-yə yaxın növü var və hər bir növü də insan sağlamlığında bir çox xəstəliklərin yaranmasına səbəb olur. Bunlardan əsasən, iltihabi xəstəlikləri, bağırsaq mikroflorasının dəyişməsini, tənəffüs yolları, böyrək xəstəliklərini, iltihabın digər orqanlarda problemlərə səbəb olmasını sadalamaq olar. Bəzən bu cür məhsulları qəbul etdikdən sonra bağırsaq mikroflorası dəyişdiyi üçün ishal yaranır.

Bəzən də ishalla qəbizlik bir-birini əvəzləyir və immun sistemi zəifləyir. Xüsusilə bağırsaqlarda faydalı mikroorqanizmlərin yox olmasına səbəb olur. Ona görə də yaxşı olar ki, keyfiyyətli və mənşəyi bəlli məhsullardan istifadə edilsin.

Dondurmada kərə yağı istifadə olunduğu yazılsa da, tərkibində bitki yağı aşkarlanır. Bəzən də bitki yağı yazılır, amma dəqiq hansı bitki yağından istifadə olunduğu göstərilmir. Bunlar da məhsulun keyfiyyətində şübhə yaradır.

Bu cür monitorinqlərin keçirilməsi və nəticəsinin açıqlanması yaxşı haldır. O da yaxşı olar ki, məhsulun geri çağırılması və məhv edilməsi prosesi də ictimaiyyətə açıqlansın, göstərilsin. Əks halda, insanlarda sual yaranır. Fikirləşirlər ki, bu cür məhsullar satışda varmı, yenə də qalırmı?

Bundan başqa, cərimə tədbirlərinin sərtləşməsi də məqsəduyğundur. Müəssisənin inkişafı və daha keyfiyyətli məhsullar istehsal etməsi üçün qaydalara, şərtlərə ciddi əməl olunması vacibdir”.

M.Hüseynova onu da bildirib ki, bakteriya olan məhsul uşaqlarda, eləcə də risk qrupuna daxil olan ahıl yaşlı insanlarda təkcə sağlamlıq problemləri yaratmır. İmmun sistemi zəif olanların ölümünə səbəb ola bilər.

Müsahibimiz deyib ki, keyfiyyətli dondurma süd, yağ və qaymaqdan ibarət olmalıdır. Dadlandırıcı olaraq şəkərdən, baldan, bəzən isə çərəzlərdən istifadə olunmalıdır: “Yaxşı olar ki, istifadə müddəti az olan dondurmalardan istifadə olunsun. Paketlənmiş dondurmadırsa, tamlığı pozulmamalı, üzərindəki yazılar aydın şəkildə qeyd olunmalı, istehsalçı şirkət, məhsulun tərkibi haqqında ətraflı məlumat olmalıdır. Yaxşı olar ki, məhsulun 70 faizə yaxını dondurma üçün əsas olan süd, qaymaq və yağdan ibarət olsun. Əgər süd yağı əvəzedicisi və mənşəyi bəlli olmayan məhsullar varsa, eyni zamanda daha çox emulqator və stabilizatorlar, dadlandırıcılardan istifadə olunubsa, rəf ömrü uzundursa, həmin məhsul keyfiyyətli deyil. Ağızda əriyəndə xoşagələn qaymaq dadı keyfiyyətli məhsuldan istifadə olunduğunun, acı dad bitki yağı və digər kimyəvi qatqılardan çox istifadə olunduğunun göstəricisidir”.

Aygün İbrahimli