Close

19:23
02 İyul 2024

Qida əlavələri apteklərdə satılmalıdır - Peşəkərlar həyəcan təbili çalır

Bioloji fəallığa malik qida əlavələri (BFMQƏ) müasir dövrün məhsulları hesab olunur. Amma insanlar bu cür məhsulların istehsalı ilə ibtidai icma cəmiyyətində də məşğul olub. Belə ki, ilk çoxkomponentli BFMQƏ-nin Misir təbibləri tərəfindən eramızdan əvvəl V əsrdə icad olunduğu ehtimal olunur. 

TNS xəbər verir ki, bunu ATU-nun Farmakoqnoziya kafedrasının dosenti Nərgiz Məmmədova deyib. Onun sözlərinə görə, müasir BFMQƏ-nin yaranma tarixi isə XX əsrin əvvəllərindən başlanır və amerikalı kimyaçı Karl Rehnborgun adı ilə bağlıdır: “O, hazırladığı məhsulları qida rasionunu yaxşılaşdırmaq məqsədi ilə pulsuz paylayırmış.  Sonradan o, məhsulları istehsal etməyə başlayır və 1934-cü ildə Karl Rehnborg kifayət qədər varlanır. “California Vitamins” adlı şrkət yaradır. Rehnborgun bu sahədəki nailiyyətini təkrarlamaq arzusunda olan bir çox şirkət 1970-ci illərdən etibarən BFMQƏ-nin patentləşdirilməsinə və istehsalına başlayır. Dərman vasitələrindən fərqli olaraq, onların illərlə heyvanlar və insanlar üzərində sınaqdan keçirilməsinə ehtiyac yoxdur. Üstəlik də böyük gəlir gətirir. Əgər bir dərman vasitəsinin hazırlanması üçün vəsait xərci orta hesabla yüz min dollardan başlayırsa, BFMQƏ-nin hazırlanmasına 10 dəfə az pul kifayətdir. Məhz bu səbəbdən BFMQƏ-nin sayı və çeşidi gündən-günə artmaqdadır. Bu məhsullar hazırda dünyanın bütün ölkələrində, xüsusən də Avropada populyardırr və böyük tələbat var. Həm də onları asan, reseptsiz əldə etmək mümkündür deyə, əhali tərəfindən çox alınmaqdadır. Azərbaycanda isə dərman vasitələrinin qiymətləri Tarişf Şurası tərəfindən tənzimlədiyi üçün BFMQƏ-yə şamil olunmur və bu məhsullar maya dəyərindən qat-qat baha satılır”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

Qurumun açıqladığı məlumata görə, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz edə bilməz. Yəni bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi ilə eyni tərkibli ola bilməz. Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında hər hansı xəstəliyin profilaktikası və müalicəsi məqsədilə istifadə edilməsi barədə məlumat və ya bu cür təəssürat yaradan ifadələrin göstərilməsinə yol verilməməlidir. Bu məhsulların istifadə təlimatında müalicəvi təsirinin olmaması qeyd olunmalıdır. Belə ki, bioloji fəallığa malik qida əlavələrinin qablaşması üzərində və onların istifadə təlimatlarında (içlik vərəqlərində) aydın, seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş “Dərman vasitəsi deyildir”, “Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz” sözləri yazılmalıdır: “Hər bir istehlakçı bilməlidir ki, orqanizmin bütün qidalandırıcı komponentlərlə təmin edilməsində ən ideal vasitə düzgün qidalanmağa, o cümlədən gündəlik qida rasionunda vitamin, mineral və digər qidalandırıcı komponentlərlə zəngin olan müxtəlif tərkibli qidalara üstünlük verilməsidir. Lakin maraqlıdır ki, bir çox istehlakçılar təkcə həmin maddələrə olan zəruri ehtiyacın qarşılanması üçün yox, həmçinin immun sistemini və ya dolayısı ilə orqanizmin xəstəliklərə qarşı müqavimətini artırdığını düşünərək, zərurət olmadıqda belə, qida əlavələri qəbul edirlər. Çünki tərkibində bütün qidalandırıcı komponentlərə malik olan bir tabletlə orqanizmin zəruri ehtiyaclarının qarşılanması asan səslənir. Lakin unutmamalıyıq ki, qida əlavələri heç də təhlükəsiz və sağlam qidalanmanı əvəz etmir. Bu və ya digər səbəblərdən dünyanın aparıcı araşdırma mərkəzləri tərəfindən qidalanma mənbəyinin düzgün seçilməsi, bütün qidalandırıcı komponentlərin qidalardan alınması tövsiyə olunur.

Bioloji fəallığa malik qida əlavələrini alarkən qablaşma üzərində olan və ya içlik vərəqəsində qeyd olunmuş istifadə təlimatı ilə diqqətlə tanış olmaq lazımdır. Bu, imkan verəcək ki, aldığımız məhsulun potensial faydaları ilə bərabər, yaratdığı riskləri, gündəlik qəbuletmə dozası və əks göstərişləri ilə bağlı məlumatlı olaq.

Qeyd edək ki, Azərbaycanda bioloji qida əlavələrinin reseptə yazılması qanunla qadağandır.

Belə ki, həkim qida əlavələrini reseptə yaza bilməz, yalnız tövsiyə xarakterli başqa bir vərəqdə yazıb pasiyentə verə bilər.

Sonda bir məqamı qeyd edək ki, Türkiyənin Bütün Əczaçı İşəgötürənlər Həmkarlar İttifaqının (TEİS) sədri əczaçı Nurten Saydan lisenziyalı “qida əlavələri” adı altında məhsulların satışının yalnız apteklərin həyata keçirməli olduğunu bildirib.

Onun sözlərinə görə, Türkiyədə Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən təsdiq edilmiş “qida əlavələri” adı altında təxminən 12 min bitki mənşəli dərman və vitamin olduğu bildirilib və bunlar qeyd edilib: "Bitki mənşəli" adlandırıldığı üçün vətəndaşlarımız bu vasitələrin "zərərsiz" olduğunu düşünərək rahatlıqla istifadə edirlər. Halbuki bu məhsulların tərkibində kimyəvi maddələr var. Üzərində yazılan "dərman deyil" ifadəsi də son səhv başa düşülür. Çünki bu məhsulların tərkibində aktiv əczaçılıq inqredentləri var və onları məsum şəkildə "qida əlavələri" adlandırmaq olmaz".

O, marketlərdə, yanacaqdoldurma məntəqələrində lazımi nəzarət olmadan və saxlanma şəraitinə əməl olunmadan diqqətçəkən reklamlarla dərman şəklində qida əlavələrinin təklif və təşviq edildiyini deyib.

Nurten Saydan “COVID-19” epidemiyası zamanı qida əlavələrinə artan tələbatın saxta məhsulların istehsalına təkan verdiyinə də diqqət çəkib.

"İstər kimyəvi, istərsə də bitki mənşəli olmasından asılı olmayaraq, bütün dərmanlar əczaçının ixtisas sahəsidir. Bu cür məhsullar Səhiyyə Nazirliyindən lisenziya almalı və yalnız apteklərdə satılmalıdır", - deyə o əlavə edib.

Yəni, Azərbaycanda satılan bir çox qida əlavələri Türkiyədən gətirilir, hansısa piramida şəbəkəli şirkətlər vasitəsilə istənilən formada təbliğ olunur və satışı həyata keçirilir. Göründüyü kimi, istehsalçı olkədə belə, sertifikat almasından asılı olmayaraq, məhsulların doğru ad və ünvanla satılmadığı vurğulanır. Hələ uzaq Amerikadan, Koreya və s. ölkələrdən gələnləri demirik. Odur ki, bu vasitələrin ölkəyə gətirilməsi, satılması və istifadəsi prosesi daha diqqətli yanaşma tələb edir.

Aygün