Close

19:23
02 İyul 2024

İsti havaların ən böyük fəsadı – Uşaqlarınızı qorumasanız…

Artıq yay fəslindəyik. Bu aylarda gecə ilə gündüz arasındakı temperatur fərqi, soyuq yemək və içkilər qəbul etmək vərdişi, dənizdə və hovuzda çimmək, kondisionerdən istifadə kimi bir çox faktor xüsusilə uşaqlarda yay xəstəliklərinə yol açır.

Bədən istiliyinin artması səbəbindən qida ehtiyacları da dəyişir. Mütəxəssislər bildirir ki, yayın istisində ümumi sağlamlığı qorumaq üçün seçiləcək qidalardan tutmuş maye istehlakı miqdarına qədər bir çox məqama diqqət yetirmək lazımdır.

Mövzu ilə bağlı tanınmış pediatr Vaqif Qarayev TNS-ə danışıb.

Həkim-pediatr bildirib ki, yay aylarında bağırsaq infeksiyaları artır: “Amma problemin yaranması insanların özündən də çox asılıdır. Məsələn, bəzi xəstəliklər uşaqların şəxsi gigiyenasına düzgün əməl olunmamasından yaranır.

Küçədə müşahidə edirəm, valideyn hansısa qidanı əlləri kirli olan uşağa verir. Uşaq da kirli əlləri ilə həmin qidanı qəbul edir. Təbii ki, bu cür vəziyyətdə uşağa infeksiya keçir”.

Pediatr yayda qidalanmaya diqət yetirilməsinin vacib olduğunu deyib: “Yay menyusu deyilən bir şey var. Qışda daha çox kalorili yeməklərə üstünlük verilir. Məsələn, xəmir yeməkləri. Yayda bu cür yeməklərdən imtina etmək lazımdır. Çünki sulu yeməklərin həzm olunması üçün ən çoxu 1,5 saat vaxt lazımdır. Amma ağır yeməklərin həzminə saatlarla vaxt gedir. İsti havada məsləhət deyil.

Belə havalarda istilik əmələgəlmə ilə istilkvermə mexanizminin balansı pozulanda orqanizm xəstələnir. Havanın temperaturu yüksəkdir və bu, istilik əmələ gətirir. Amma istilikvermə zəif işləyir. Bu baxımdan sulu yeməklər, kifayət qədər maye qəbulu vacibdir. Gün ərzində uşaqlar maye qəbul etməlidir. Amma rəngli, qazlı, energetik içkilər qətiyyən olmaz. Adi təmiz su verilməlidir. İstənilən tərəvəzdən müxtəlif sulu yeməklər hazırlamaq olar. Ət yeməyini azaltmaq lazımdır. Qışdakı kimi hər gün ət yemək düzgün deyil. Həftədə bir-iki dəfə ətdən istifadə olunmalıdır. Ətdən tez həzm olunan sulu yeməklər, şorbalar hazırlamaq lazımdır. Yəni, daha tez həzm olunan və keyfiyyətli yeməklər seçilməlidir”.

Yay mövsümünün problemlərindən biri də günvurma, sərinləmək üçün kondisonerdən istifadə zamanı yaranan fəsadlardır.

Pediatr bildirib ki, hazırda çimərlik mövsümü olduğundan isti havaya diqqət etmək vacibdir: “Son günlər günvurma ilə bağlı şikayətlər artıb. Əslində, günəşə çıxmamaq üçün standart vaxt qoyublar. Saat 11:00-dan saat 16:00-a qədər. Amma mən bunun 18:00-a qədər olmasını tövsiyə ediərm. Çünki bizdə o saatlarda da isti olur. Açıq havada günəş şüalarının insan orqanizminə birbaşa təsiri zərərlidir. Günvurma olmaması üçün qorunmaq vacibdir”.

Vaqif Qarayev onu da bildirib ki, uşaqları kondisioner olan otaqda saxlamaq doğru deyil: “İlk növbədə kondisionerin filtri tez-tez təmizlənməlidir. Çünki legionella deyilən xəstəlik yaradan bakteriya var ki, həmin bakteriya cihazın filtrində toplanır. Legionella pnevomaniyası deyilən çox ağır xəstəlik var. Xəstəlik müalicəyə çox çətin tabe olur və uzun çəkir. Evi sərin saxlamaq lazımdır, amma xüsusilə körpələri - 5 yaşadək uşaqları kondisioner olan otaqda saxlamaq olmaz. Kondisionerin hava işıqları birbaşa uşağın bədəninə təsir etməməlidir. İsti havalarda otaqda 22-24 dərəcə temperatur olsa, kifayətdir. Uşaqlar hərəkət etdikcə tərləyir və nəticədə uşağı soyuq tutur. Kondisioner bu baxımdan da ziyanlıdır. Xüsusilə ,südəmər körpələri, yəni bir yaşına qədər olan uşaqları kondionerdən uzaq tutmaq vacibdir”.

Pediatr bildirib ki, kondisioner dəhlizdə və ya hər hansı otaqda yandırılırsa, evdə bütün qapıları açmaq və otaqların temperaturunu normal tənzimləmək olar. 

Aygün