Close

17:30
22 Dekabr 2024

1990-1999-cu illərdə doğulanların psixi problemləri daha çoxdur - SƏBƏB

Bir ölkədə normal olan yanaşma, başqa ölkədə anormal kimi qəbul oluna bilər

Sidney Universitetinin tədqiqatçıları 1950-ci ildən sonra doğulan insanların psixi sağlamlıq vəziyyətini öyrənmək məqsədilə araşdırma aparıblar. 

Elm adamları 27 min 500-dən çox şəxsin psixi sağlamlığındakı dəyişiklikləri izləyiblər.

Gəldikləri qənaət isə belə olub ki, 1990-1999-cu illərdə doğulan insanların psixi sağlamlığında problemlər daha qabarıqdır.

Belə bir nəticənin ortaya çıxmasının əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı TNS-ə danışan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Sosial psixologiya" şöbəsinin böyük elmi işçisi Elnur Rüstəmov bildirib ki, əhalinin psixi sağlamlığı ilə bağlı müxtəlif istiqamətlərdə tədqiqat işləri, analogiyalar aparılıb: “Aparılan tədqiqatlara görə, xüsusilə, 1990-cı illərdən sonra insanlarda psixi sağlamlıqla bağlı dəyişikliklər müşahidə olunub. Bunun bir çox səbəbi var. Sovet İttifaqının dağılması, formasiyanın dəyişilməsi, yeni formasiyaya keçid kimi bir sıra proseslər insanların psixologiyasına, o cümlədən psixi sağlamlığına ciddi təsir göstərdi. Bundan başqa, 1990-cı illərdən sonra texnolji eraya qədəm qoymağımız, sürət əsrinə keçid də insanların psixi sağlamlığına öz təsirini göstərdi. Ekoloji problemlərin psixi sağlamlığa olan təsirini də qeyd edə bilərik. Mütəxəssislər daha çox təsir göstərən səbəblər içərisində texnologiyanı, ekologiyanı və qidanı vurğulayırlar.

Bütün bunların fonunda dünyada psixi pozuntudan əziyyət çəkən insanların sayında artımlar müşahidə olundu”. 

Ayrı-ayrı ölkələrin əhalisi üçün psixi sağlamlıq kriteriyaları və yanaşmada fərqlər varmı?

Elnur Rüstəmov deyib ki, psixi sağlamlıq fiziki sağlamıqla paralel şəkildə götürülür və vəhdət şəkildə inkişafı nəzərdə tutulur: “İnkişaf etmiş ölkələrdə erkən müdaxilə olunur və qabaqlayıcı tədbirlər görülür. Cəmiyyətdə psixi sağlam insanların sayının artırılması istiqamətində işlər aparılır.

Kriteriyalar eyni olsa da, psixi sağlamlıqla bağlı yanaşmalar fərqlidir. Psixi sağlamlığın dəyərləndirilməsində etnopsixoloji faktorlar da mühüm rol oynayır. Deyək ki, bir ölkədə normal olan yanaşma başqa ölkədə anormal kimi qəbul oluna bilər. Ona görə bu kriteriyaların müəyyən olunmasında standart yanaşamalar olsa da, onlara təsir göstərən etnopsixoloji faktorlar mütləq nəzərə alınır. Ümumiyyətlə, dünyada psixi xəstəliklərin təsnifatı DSM 5, xəstəliklərin beynəlxalq təsnifatı XBT əsasında aparılır. Ancaq ümumən götürəndə psixi sağlamlıq kriteriyalarının müəyyənləşdirilməsində coğrafi, etnopsixoloji faktorlar nəzərə alınır”.

Ölkəmizdə insanların psixi sağlamlığını necə dəyərləndirmək olar və hansı amillərin təsiri, müsbət və ya mənfi mənada, vurğulana bilər?

Psixoloqun sözlərinə görə, bir çox ölkə ilə müqayisədə Azərbaycanda psixi sağlamlıq vəziyyəti normal dəyərləndirilə bilər: “Ümumdünya Səhiyyə Təşkilatının statistikasına baxsaq, Azərbaycan intihar səviyyəsinə görə də dünyada ən aşağı yerlərdə olan ölkələr siyahısına daxildir. Eyni zamanda, digər psixoloji pozuntudan əziyyət çəkən insanların sayı inkişaf etmiş ölkələrlə müqayisə olunanda bizdə vəziyyətin daha yaxşı olduğu görünür. Bunun da öz səbəbləri var. Milli-mənəvi dəyərlər və onların təbliği, inkişafın dəyərlər üzərində aparılması insanların psixi sağlamlığına çox müsbət təsir göstərir. Ölkə Prezidenti İlham Əliyev 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyində etdiyi çıxışında bu məqamı xüsusi qeyd etdi: “Biz gələcəyimizi dəyərlər üzərində formalaşdırırıq. Milli-mənəvi dəyərlərimizi, tariximizi qorumalıyıq və onu gələcək nəslə ötürməliyik”.

Prezidentin vurğuladığı çox vacib məqamdır. Çünki psixi sağlamlığa, dayanıqlılığa, psixoloji rifaha təsir göstərən müsbət məqamlardan biri də dəyərlərin qorunmasıdır. İnsanlar onların dəyərlər sisteminə müdaxilə olunduğu, dağıdıldığı zaman psixoloji gərginlik, sarsıntı yaşayırlar. Bu gün insanlarda olan gərginliyin bir səbəbi də milli-mənəvi dəyərlərə olan müdaxilə, dəyərlərin dağıdılması istiqamətində aparılan işlərdir ki, bu da insanların psixi sağlamlığına mənfi təsir göstərir”.

Müsahibimiz vurğulayıb ki, milli-mənəvi dəyərlərimizi nə qədər çox təbliğ etsək, gələcəyimizi o dəyərlər üzərində qursaq, insanların psixoloji rifahı bir o qədər yüksək olacaq.

Aygün İbrahimli