Bu xəstəliklərin dərmanları da icbari tibbi sığorta paketinə daxil ediləcək - AÇIQLAMA

Dərmanların baha olması xəstələrə müalicə prosesində çətinliklər yaradır. Bəzi hallarda insanlar özlərinə və yaxınlarına lazım olan dərmanları İrandan, Türkiyədən almağa çalışır. Amma hamının da belə bir imkanı yoxdur.
Məlumdur ki, ölkədə bir neçə ildir, bir çox xəstəliklərin müayinə və müalicəsi icbari tibbi sığorta çərçivəsində həyata keçirilir. Amma sadəcə təcili və təxirəsalınmaz yardım zamanı istifadə olunan dərman, tibbi sərf, eləcə də xəstəxanada yatan zaman istifadə olunan dərman və tibbi sərf icbari tibbi sığorta ilə ödənişsiz qarşılanır.
Hazırda ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxil deyil.
Bəs dərmanların icbari tibbi sığorta çərçivəsində güzəştli qiymətlərlə verilməsi məsələsi gündəmdə varmı?
Mövzu ilə bağlı TNS-in sualına İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, gələcəkdə müəyyən xəstəliklərin müalicəsi üçün ambulator müalicədə resept əsasında yazılan ürək-damar, həzm və tənəffüs sistemi xəstəlikləri ilə bağlı dərman vasitələrinin mərhələli şəkildə təminata alınması üçün layihə hazırlanıb, aidiyyəti qurumlara təqdim edilib: “Bu məsələ təsdiqini tapdıqda ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Professor Adil Qeybulla TNS-ə bildirib ki, dünyada icbrai tibbi sığorta paketi daxilində - stasionar və ambulator müalicədə yazılan dərmanların ödənişli və ödənişsiz olması fərqlidir: “Əslində ambulator şəraitdə yazılan bəzi dərman preparatlarını (protokola daxil olanların) sığorta örtə bilər. Amma yazılan bütün reseptlərin sığortanın örtməsi hələlik real deyil. Əvvəla bizdə klinik protokollar işlənmir. Birinci bunları tətbiq etmək lazımdır. Ondan sonra isə həmin protokollar və bir il əvvəlki statistika ilə hesablama aparıb, bu məbləğin kompensasiya oluna biləcəyini müəyyən etməklə proqnozu vermək olar. Bunu kortəbii etmək məqsədəuyğun deyil. Daha ağır nəticələr verə bilər”.
A. Qeybulla bildirib ki, bu gün icbari tibbi sığorta tibbi fəaliyyətin xeyli geniş növünü əhatə edir: “Son dərəcə mürəkkəb əməliyyatların icbari sığorta çərçivəsində həyata keçirilməsi vətəndaşları xeyli qayğıdan xilas edir. Sadəcə olaraq, bütün sahələrin birdən-birə tam əhatə olunması real görünmür. O baxımdan bəzi sahələr hələlik vətəndaşla dövlət arasında bölünə bilər. Zamanla imkandan asılı olaraq bu məsələyə də baxılması mümkündür”.
Aygün