Close

Gülərüzlü uşaqların xəstəliyi- Azərbaycanda onların sayı 1800 nəfərdir

Martın 21-i Dünya Daun Sindromu Günüdür. Gülərüzlü, yalnız müsbət xüsusiyyətləri özlərində birləşdirməsinə görə daun sindromlu uşaqları “Günəşin övladları” adlandırırlar.

Daun sindromu ilə əlaqədar təqvim günü ilk dəfə 2006-cı ildə Cenevrə universitetində yunan genetiki Stilianos Antonarakisin təklifi ilə qeyd edilib. Palmada de Mayorkada keçirilən Daun Sindromu üzrə VI Beynəlxalq Simpoziumda Avropa və ümumdünya assosiasiyalarının təşəbbüsü ilə martın 21-i Beynəlxalq Daun Sindromu Günü elan olunub.

Daun sindromu insanın fiziki və əqli inkişafına böyük təsir göstərən genetik bir xəstəlikdir. Bu sindrom ilk dəfə 1866-cı ildə onun simptomlarını təsvir edən ingilis həkimi Con Lenqdon Daunun adını daşıyır. Daun sindromu 21-ci xromosomun əlavə nüsxəsindən qaynaqlanır ki, bu da xarakterik fiziki xüsusiyyətlər və zehni gecikmələrlə nəticələnir.

Qeyd edək ki, xromosom saylarında olan patoloji dəyişikliklər nəticəsində əmələ gələn xəstəliklərdən ən çox təsadüf edilənlərdən biri də Daun sindromudur. Belə xəstələrdə xromosom dəstinin sayı 46 deyil, 47 olur. Artıq olan 1 xromosom qeyri-cinsi xromosomdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən TNS-ə verilən məlumata görə, hazırda ölkəmizdə 1800-ə yaxın Daun sindromlu əlilliyi olan şəxs var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində Daun sindromlu əlilliyi olan şəxslər də reabilitasiya xidmətləri ilə təmin edilir.

Bu xidmətlərə sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, dance ability (rəqs terapiyası) və s. daxildir.

Mərkəzlərdə Daun sindromlu əlilliyi olan şəxslər stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətlərlə təmin olunurlar.

Bildirilib ki, Daun sindromlu əlilliyi olan şəxslər Agentlik tərəfindən həftədə bir dəfə ippoterapiya (atlarla terapiya) xidmətlərinə də cəlb edilir. Beynəxalq təcrübəyə əsaslanan bu terapiya üsulu Daun sindromlu əlilliyi olan şəxslərlə yanaşı, eyni zamanda autizm spektr pozuntusu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir göstərir.

Aygün