Close

Uşaqların boy və çəki artıran dərmanlardan istifadəsi təhlükəlidir

Uşaq və yeniyetmələrdə boyun balaca qalması (cırtdanboyluluq), boy çatışmazlığı günümüzdə mövcud problemlərdəndir.

Somatotrop hormonu çatışmazlığından yaranan bu problem müalicə oluna bilir. 

Somatotrop hormon çatışmazlığı diaqnozu laborator müayinə əsasında pediatr-endokrinoloq tərəfindən qoyulur.

Onu da qeyd edək ki, hazırda dərmanlar böyümə zonalarının bağlanmasına yəni, sümük yaşı (rentgen müayinəsinə əsasən uşağın skeletinin sümüklərinin inkişafına uyğun gələn yaşın şərti mənası) qızlarda 14, oğlanlarda isə 16 yaşına qədər ödənişsiz verilir. Görülən işlərin nəticəsi olaraq boy hormonu çatışmazlığından əziyyət çəkən uşaq və yeniyetmələrdə boy artımı baş verir.

Amma bu gün bəzi valideynlər var ki, övladlarının azçəkili, boyunun nisbətən balaca olmasını heç bir müayinə etdirmədən dost-tanış məsləhəti ilə həll edir. Ətrafımızda çəkisi az uşaqların cəmi bir neçə ayın içində kifayət qədər kökəlməsi halları ilə az qarşılaşmırıq.

Heç bir müayinə aparılmadan uşaq və yeniyetmələr boy və ya çəki artıran dərmanların verilməsi nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Azərbaycan Tibb (ATU) Universitetinin Tədris Terapevtik Klinikasının elm və tədris işləri üzrə direktor müavini, terapevt Adil Nuriyev TNS-ə bildirib ki, əgər yeniyetmədə doğrudan da cırtdanboyluluq varsa, bunu somatotropun müayinəsi ilə bilmək mümkündür.

İştahı artıran, çəki alınmasına görə qəbul edilən dərmanlara gəlincə həkim bildirib ki, tibbi müayinə olmadan bu cür dərmanlardan istifadə etmək olmaz: “Müayinə aparılmalıdır. Hansısa hormon çatışmazlığı varsa, dərman vermək olar. Müayinə aparılmırsa, əksgöstərişdir, vurmaq olmaz. İnsanların yanlış olaraq bu dərmanlardan istifadə etməməsi üçün tibbi profilaktika aparmaq, müəyyən tibbi savad vermək lazımdır. Məsələn, televiziya və radioda boş verilişlər əvəzinə, əhali arasında əsaslı maarifləndirmə aparılmalıdır ki, insanlar bunları bilsinlər”.

Aygün