Close

Qan azlığı ciddi problemdir - Bu xəstəliyə səbəb ola bilər

Azərbaycanda anemiyadan əziyyət çəkən kifayət qədər insan var.

2000-ci ildə tibb müəssisələrində qeydiyyatda olan anemiya xəstələrinin sayı 28 780 nəfər olubsa, 2022-ci ildə bu göstərici 39 005-ə çatıb. 2000-ci ildə ilk dəfə qoyulmuş anemiya diqnozu ilə qeydə alınmış xəstələrin sayı 22011 olduğu halda, 2022-ci ildə bu rəqəm 46 770-ə yüksəlib.

Ətrafımızda anemiyadan əziyyət çəkən kifayət qədər insan var ki, heç bir qeydiyyata düşmədən gündəlik həyatlarına davam edirlər.

Bəs anemiyanın yaranma səbəbləri nələrdir? Hansı hallarda anemiya daha təhlükəlidir?

Mövzu ilə bağlı TNS-in sulaını Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev cavablandırıb. 

Həkim bildirib ki, anemiya, yəni qan azlığı bədənimizdə hemoqlobin miqdarının azalması ilə xarakterizə olunan xəstəlikdir: “Anemiya xroniki və kəskin ola bilər. Belə ki, xroniki anemiyalar yavaş-yavaş, digəri isə birdən-birə çoxlu miqdarda qanaxma və qanın parçalanması ilə müşahidə oluna bilir. Anemiya zamanı bir çox əlamət ortaya çıxır: bədənimizdə dırnağımızdan saçımıza qədər hər bir hüceyrə anemiyadan təsirlənir. Anemiyanın bir çox səbəbi mövcuddur. Bunu əsasən, 3 qrupda birləşdirmək olar. Belə ki, xəstəlik ya qanın yaranmasında olan problemlərdən, ya qan itkisindən, yaxud da qanda eritrositlərin parçalanması problemlərindən yarana bilir. Hazırda ən çox müşahidə etdiyimiz qanın yaranması – yəni dəmir çatışmazlığı ilə bağlı olan anemiyadır. Bu da daha çox gənc qadınlarda menstruasiya zamanı hər ay itirilən dəmirə bağlı olaraq ortaya çıxır. Bu zaman ortaya çıxan dəmir çatışmazlığını sadə bir dəmir preparatı ilə aradan qaldırmaq olar. Amma kişilərdə və menopoz dövründə olan qadınlarda anemiya varsa, bu, mütləq araşdırılmalıdır. Çünki bu zaman qanazlığı mədə-bağırsaq xəstəlikləri, onkoloji proseslər və yaxud digər orqanlardan yarana bilır”.

Həkim onu da bildirib ki, ölkəmizdə çaydan çox istifadə olunan bölgələrdə anemiya daha çox müşahidə olunur. Bundan başqa, problem xüsusilə gənc qadınlarda müşahidə olunur: “B12 çatışmazlığından yaranan anemiya da çox gördüyümüz anemiyalardandır. Xüsusilə, bu hal vegetarian qidalanma tərzi olan insanlarda görünür. Çünki  B12 vitaminini birbaşa ət və ət məhsullarından daha çox qəbul edirik. Vegetarian qidalanma tərzi olan insanlarda ciddi şəkildə B12 çatışmazlığı yarana bilər. Bu cür anemiyalarda əsas simptom nevrolojik əlamətlərdir. Unutqanlıq, yaddaşın itməsi, sinir hüceyrlərinin kəskin şəkildə ağrılı olması kimi əlamətlər ortaya çıxır. Bir insanda ciddi şəkildə B12 çatışmazlığı varsa, qidalanma tərzi araşdırılmalıdır. Qidalanma  normaldırsa, o zaman mədə-bağırsaq yoxlanmalıdır. Səbəb onkoloji, xüsusilə sümük iliyi ilə bağlı onkoloji proseslər də ola bilər”.

Aygün