Qoturluq xəstəliyi artıb

“Qoturluq xəstəliyi geniş yayılmış parazitar - dəri xəstəliklərindən biridir. İmmuniteti zəif olan insanlar xəstəliyə daha tez yoluxur. Bəzən xəstəliyə səhv diaqnozun qoyulması xəstəliyin gedişatının daha da uzanmasına və ağırlaşmasına səbəb olur. Dispanser şəraitində qoturluq xəstəliyinin müayinə və müalicəsi aparıla bilir. Bunun üçün özündə xəstəliyin ilkin əlamətlərini hiss edən şəxslərin həkim-mütəxəssislərə müraciət etmələri tövsiyə olunur. Özbaşına, yanlış müalicələr ciddi fəsadlara səbəb ola bilər”.
TNS xəbər verir ki, bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 1 nömrəli Dəri-Zöhrəvi Dispanserinin baş həkimi Yusif Cabbarl deyib.
Həkim bildirib ki, əvvəlki illərlə müqayisədə xəstəliyin statistikasında artım müşahidə olunur: “Qoturluq infeksion-parazitar xəstəlikdir, canlılar - qotur gənələri tərəfindən yaradılır.
İnkubasiya dövrü 8-14 gündən ibarətdir. Xəstəliyin əlamətləri kimi, ən çox gecə qaşınmaları, dəridə qoşa səpkilər formasında özünü göstərir. Səpkilərə ən çox bədənin nazik yerlərində, qarın, dirsəyin ön hissəsində, sarğı nahiyələrində, cinsiyyət orqanlarında rast gəlinir”.
Y. Cabbarlının sözlərinə görə, qoturluq yoluxucu xəstəlik olduğu üçün bir nəfərdə aşkarlanarsa, dərhal onun ailə üzvləri, təmasda olduğu digər şəxslər də müayinə və müalicələrə cəlb olunmalıdır: “Xəstəliyin yaranma səbəblərinə gəldikdə isə daha çox yaşayış şəraiti zəif olan insanlarda, sanitar-gigiyenik qaydalara riayət olunmaması, təsadüfi cinsi əlaqələr zamanı meydana gəlir.
İmmuniteti zəif olan insanların xəstəliyə yoluxma ehtimalları daha böyükdür”.
Həkim-mütəxəssis bəzən qoturluq xəstəliyinə səhv diaqnozların qoyulduğunu, bunun isə xəstəliyin gedişatına mənfi təsir göstərdiyini də nəzərə çatdırıb: “Xəstəliyə ən düzgün diaqnoz laborator analizlər nəticəsində qoyulur. Xəstəliyin qarşısı vaxtında alınmazsa, yoluxucu xarakter ala, çox böyük fəsadlar verə bilər. Bəzən həkimlərin səhvi ucbatından qaşınan yerlərə steroid dərmanlar tətbiq olunur.
Qoturun ağırlaşmalarından biri də dermatitlərdir.
Biz - mütəxəssis dəri həkimləri olaraq xəstəliyi görən kimi tanıyır və vaxtında, düzgün müalicə tətbiq edirik.
Bunun üçün də tövsiyə edirik ki, xəstələr həkimə vaxtında müraciət etsinlər, xəstəliyə düzgün diaqnoz qoyulsun, xəstənin obyektiv və subyektiv əlamətləri qiymətləndirilsin, anamnez məlumatları toplanılsın”.
Y.Cabbarlı xəstəliyə düzgün diaqnoz qoyulduğu halda müalicə müddətinin qısa çəkdiyini də vurğulayıb: “Belə ki, böyüklərdə 33 % kükürd mazları 5 gün ərzində səhər və axşam, baş və üz nahiyələri istisna olmaqla bədənin hər yerinə sürtülür. Bu müddət ərzində çimmək olmaz, müalicə müddəti ərzində istifadə olunan paltarlar yuyulub-ütülənməli, dezinfeksiya olunmalıdır. Xəstənin müalicə müddəti ərzində istifadə etdiyi yataq dəsti dəyişdirilməlidir.
Uşaqların dərisi daha kövrək olduğundan isə müalicə zamanı dərini yandırmaması üçün 20 % kükürd mazlarından istifadə olunur.
Bununla yanaşı, xəstəliyin müalicəsi üçün benzil - benzatın müxtəlif suspenziyalarından, permitil dərmanının krem və emusiyalarından istifadə olunur”.
Mütəxəssis xəstəliyin müalicə müdddətinin tamamlanmasından 2 həftə sonra xəstəyə baxış keçirilməsinin, lazım olarsa, əlavə müalicə kursu təyin olunmasının vacibliyini də qeyd edib: “Ümumiyyətlə, xəstəliyin qarşısının alınması üçün peyvənd yoxdur. Sağalmış xəstə yenə də yoluxa bilər. Ona görə də xəstələrin mütəmadi həkim nəzarətində olmaları, vaxtaşırı tibbi müayinələrdən keçmələri çox önəmlidir”.