Close

Ruhi xəstə müəllimlər, taksi sürücüləri var - Onlar məsuliyyətə cəlb olunmalıdır - ŞOK AÇIQLAMA

“Cinayət törətmiş şəxsin psixi xəstəliyinin olub-olmadığını, cinayəti sağlam vəziyyətdə törədib-törətmədiyini aydınlaşdırmaq üçün mütləq məhkəmə-tibbi ekspertiza keçirilməlidir. Məhkəmə-tibbi ekspertiza keçirilənə qədər həmin insanın psixi xəstə və ya sağlam olduğu haqqında nəsə deməyə ixtiyarımız yoxdur”.

Bunu TNS-ə həkim-psixiatr Abdulla Şıxlinski deyib.

Psixiatrın sözlərinə görə, Azərbaycanda insanların psixi xəstəliklər haqqında geniş təsəvvürləri olmadığından bəzi məsələləri başa düşməkdə problem yaranır: “Məsələn, müalicə etdiyimiz pasiyentlərin qohumlarına dəfələrlə məlumat veririk, başa salırıq ki,  bu xəstə aqressivdir. Konkret anasına, atasına qarşı aqressivdir. Xəstə var ki, hətta öz övladını öldürmək qərarına gəlir. Belə olanda xəstənin qohumlarına məlumat veririk ki, onu vaxtında xəstəxanaya qoysunlar. Deyirik ki, bu cür adam evdə qalarsa, günün birində balta, bıçaq götürüb, sizi öldürə bilər. İnsanlar buna əhəmiyyət vermirlər. Sanki psixiatriya xəstəxanalarından qorxurlar. Bu da insanların sahə ilə bağlı məlumatsızlığından, cahilliyindən irəli gəlir. Başa düşmürlər ki, xəstə onları öldürdükdən sonra gec olacaq”.

Müsahibimiz bildirib ki, cəmiyyətdə psixi xəstələrə münasibət birmənalı olmadığından insanlar qohumunun xəstəliyini başqalarına bildirmək istəmir, çox zaman onu bayıra buraxırmır, müalicəni evdə aparmağa çalışırlar: “Psixi xəstələrin gizlədilməsinin qarşısını almaq üçün qanun qəbul edilməli, belə xəstəni evdə gizlədən insanlar məsuliyyətə cəlb olunmalıdır. Vaxtında həkim yerinə, psixoloqa  aparırlar. Psixoloq sağlam adamlarla işləmək üçündür. Onlar seanslar keçirir, xəstəni aylarla öz yanlarına gəlib-getməyə məcbur edirlər. Beləliklə, xəstəlik uzanır, xəstə müəyyən səslər eşidir, onun  psixoloji vəziyyəti gərginləşir. Nəticədə o, cinayət törədir. Belə xəstələrə həkim-psixiatr baxmalıdır. Sonda yaranan ağır vəziyyətin ən böyük günahkarı xəstənin qohumlarıdır. Bundan başqa, ölkədə “Psixiatriya yardımı haqqında” Qanun həddən artıq yumşaqdır. O qanunda elə maddələr var ki, biz ona əsasən, xəstəni məcburi müalicəyə göndərə bilmirik. Qanuna əsasən, xəstə yalnız kimisə şikəst edə və ya öldürərsə, onu məcburi qayada hüquq-mühafiə orqanlarının əli ilə xəstəxanaya yerləşdirməyə icazə var. Sadəcə aqressivdirsə, ərafdakıları söyürsə və s. onu xəstəxanaya göndərmək ixtiyarımız yoxdur”.

A. Şıxlinski həkimin müəyyən vəsait qarşlığında təhlükəli xəstəni evə buraxacağına inanmadığnı deyib: “Bu cür xəstələrin evə buraxılmasında günah həkimdə yox, dediyim kimi, qanunvericilikdədir. Qanunda yazılıb ki, əgər müalicə prosesində xəstənin vəziyyəti yaxşılaşırsa, onu evə yazmaq olar, vaxtından çox saxlamaq lazım deyil. Həkim nə edə bilər? Vəziyyəti nisbətən düzələndə onu evə göndərir. Həkim xəstənin çıxdıqdan sonra başına nə gələcəyini, onun nə edə biləcəyini bilə bilməz. Təbabət elmində bunu əvvəlcədən müəyyən etmək üçün elə bir üsul yoxdur. Hətta ən gözəl, vicdanlı həkim də xəstənin nə vaxt hansı cinayəti törədəcəyini əvvəlcədən müəyyən edə bilməz. Xəstə var ki, aylarla xəstəxanada yatır, yaxşı vəziyyətdə evə buraxılır. Çıxdıqdan iki gün sonra kimisə öldürür. Mən uzun illər Azərbaycandan kənarda çox ağır xəstələrlə, məcburi müalicə şöbələrində çalışmışam. Heç bir həkimin pul qarşlığında xəstəni evə yazmaq marağı yoxdur. Çünki həkim bunun axırının pis qurtaracağını bilir. Psixi xəstənin 10 dəqiqə sonra özünü necə aparcağını heç kim deyə bilməz. İnsan beyni həddindən artıq mürəkkəbdir”.

Psixiatr onu da vurğulayıb ki, belə cinayətləri yalnız psixi xəstələr deyil, sağlam adamlar da edir: “Məndə məlumat var ki, bütün ailə üzvlərini qətlə yetirən gənc maşın sürürmüş. Ona tibbi arayışı kim verib? Rüşvət qarşılığında sağlamlıq haqqında arayış verirlər. Narkoloji Dispanserdə də belə şeylər ola bilər. Bəlkə bu adam ruhi xəstə yox, sadəcə narkotik istifadəçisidir. Yəni, ekspertiza olunana qədər bu suallara cavab verə bilmərik. Dövlət sektorunda çalışan həkim-psixiatrlar rüşvət alıb xəstənin sağlam olduğunu yazırlar. Əgər həmin adam xəstə olduğu halda, maşın sürübsə, bunun günahı birbaşa ona sağlamlıq haqqında arayış verən həkimdədir. Belə insanlar texnika idarə etməməli, ayda bir dəfə həkim-psixiatrın qəbuluna gəlməlidirlər. Yaşayış yeri üzrə sahə psixiatrı onlara nəzarət etməlidir”.

Müsahibimiz onu da bildirib ki, dünyanın müxtəlif ölkələrində işçiləri 6 aydan bir psixiatrik müayinədən keçirirlər. Azərbaycanda isə bu prosedur mövcud deyil: “Bizdə insanları psixiatriya müayinəsindən keçirmədiklərinə görə, ruhi xəstə müəllimlər, həkimlər, taksi sürücüləri var. Narkotik istifadəçisi olan taksi sürücüləri aşkarlanır. Pul qarşlığında arayış alırlar. Nəticəsi də ağır olur”.

Həkim əlavə edib ki, qohumları arasında ruhi xəstə olduğunu bilənlər bu barədə polisə məlumat verməli, təcili tibbi yardım briqadasına müraciət etməlidirlər.

Aygün