Azərbaycanda həkimə ən çox hansı xəstəliklə bağlı müraciət edilir? - AÇIQLAMA

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2023-cü il ərzində icbari tibbi sığorta çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri açıqlayıb.
Agentlikdən TNS-ə verilən məlumata görə, qeyd olunan zaman ərzində dövlət tibb müəssisələrinə 5 milyondan çox şəxs 22.3 milyon dəfə müraciət edib. Bu, o deməkdir ki, ölkə əhalisinin 52%-i icbari tibbi sığortadan yararlanıb. Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 70.2 milyon olub. Tibbi xidmətlərin 86 %-i ambulator, 14 %-i stasionar şəraitdə göstərilib.
2023-cü il ərzində ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk beşliyində Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələri, Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası və Sabunçu Tibb Mərkəzi yer alıb.
Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sümük-əzələ sisteminin xəstəlikləri gəlir.