Close

Qızılca və suçiçəyinə eyni vaxtda yoluxmaq mümkündürmü?

Hazırda qızılca ilə yanaşı, uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma halları da kifayət qədərdir. İnsanlar arasında, sosial şəbəkələrdə hər iki virusa eyni vaxtda yoluxanların olduğu deyilir.

Qeyd edək ki, suçiçəyi yüksək yoluxucu virus xəstəliyidir. Mütəxəssislər bildirir ki, suçiçəyi virusuna yoluxan uşaqda bir neçə gün əvvəldən qızdırma, halsızlıq, hətta başgicəllənmə hallarına rast gəlinir. Qızdırmanın ardınca bir günün içində bədəndə suluqlu səpkilər yaranır. Səpkilərin ətrafı qırmızı, ortası iri sulu olur. Başda, ayaqda, ağızın içində olan səpkilər çox qaşındıran və narahat edən səpkilər olur. Xəstəliyin ağır və yüngül keçirilməsi uşağın bədən müqavimətindən asılıdır. Həkimlər bildirir ki, xəstəliyin müalicəsində antibiotik istifadə olunmur. Nadir hallarda suçiçəyinin bakterial ağırlaşması, səpkilərin irinləməsi halları baş verə bilir ki, uşaqda qızdırma da varsa, antibiotik verilə bilər. Eyni zamanda, səpkilərin qarşısını alan antiallergik vasitələrədn istifadə etmək olar.

Pediatr Günay Rəsulovanın sözlərinə görə, uşaqların dırnaqlarını təmiz saxlamaq lazımdır ki, yaranı qaşıyıb mikrop salmasın: “Suçiçəyi olan uşağı çimizdirməklə bağlı olan fikirlər yanlışdır, uşağı çimizdirmək olar. Uşaqları çimizdirib, səpkiləri təmiz tutmaq vacibdir. Qızdırmalı vaxtda uşaqlara ağır yeməklər vermək olmaz. Yüngül qidalandırmaq lazımdır. Yoluxan uşaqları ən az 20 gün bağçaya və məktəbə göndərmək olmaz. Bu, yalnız digər uşaqları yoluxdurma ehtimalı ilə bağlı deyil, xəstəliyə yoluxan uşaqlarda immunitet sıfıra bərabər olduğu üçün ikinci infeksiyaya yoluxma ehtimalından qorunmaq üçün karantin müddətinə diqqət etmək vacibdir”.

Suçiçəyi ilə qızılcaya eyni vaxtda yoluxmaq mümkündürmü?

İnfeksion xəstəliklər mütəxəssisi Vasif Əliyev TNS-ə bildirib ki, hər iki xəstəlik temperatur, halsızlıq, eyni zamanda səpkilərlə keçən infeksion xəstəlikdir: “Amma səpkilərin xarakteristikası hər iksində fərqlidir. Ona görə səpkilərə baxaraq, suçiçəyi və ya qızlca dianozunu qoymaq olur. Eyni zamanda, qızılca və suçiçəyinin hər birinin müalicəsi fərqlidir. Düzdür, simptomatik müalicə ilə də xəstəlik sağala bilir. Amma hər birinin fərqli müalicə sxemi var. Suçiçəyi və qızılcanı daha əvvəl keçirməyən insanlar çox nadir də olsa, xəstəliyi eyni vaxtda keçirə bilərlər. Bu zaman xəstələr həkim nəzarətində olsalar, yaxşı olar”.

Aygün