Bu xəstəliyə yoluxanların burnu, qulaqları çürüyür: "Naxçıvandan bir kişi var idi..."

“Respublika Cüzam Xəstəxanasında xəstələrlə çay içmişəm və xəstəliyə yoluxmamışam”.
Bunu Azərbaycan Tibb Universitetinin (ATU) Epidemiologiya və biostatistika kafedrasının müdiri, tibb elmləri doktoru, professor İbadulla Ağayev deyib.
TNS ATU-ya istinadla həmin materialı təqdim edir.
1954-cü ildən etibarən hər il yanvarın sonuncu bazar günü Ümumdünya Cüzəm Xəstələrinə Yardım Günü kimi qeyd edilir. Bu tarix bu il yanvarın 28-nə təsadüf edib. Bəs ölkəmizdə adıçəkilən xəstəliklə bağlı vəziyyət necədir? Xəstələr hansı şəraitdə müalicə olunur?
Professor bildirib ki, bu gün cüzam xəstəliyinə dünyanın bir sıra ölkələrində rast gəlinir: “Cüzamın yoluxucu xəstəliklərə məxsus xüsusiyyətlər' malik olması barədə alimlər arasında müxtəlif fikirlər səsləndirənlər var. Bəziləri xəstəliyin insandan insana keçməsini mümkün, digərləri isə qeyri-mümkün hesab edir. Amma bu xəstəliyin etiologiyası indiyədək tibb elminə bəlli olmadığı üçün yoluxucu hesab edilmir. Cüzamın törədicisini ilk dəfə 1873-cü ildə norveçli həkim Herhard Hanzen tapıb. Xəstəlik nəticəsində ən çox dəri, yuxarı tənəffüs yolları və periferik sinirlər zədələnir. Həmin toxumalarda xarakterik iltihab ocaqları əmələ gəlir. Cüzama bəzən “leproz”, “prokaza” və ya “Hanzen xəstəliyi” də deyilir”.
Hər il Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə müxtəlif simpoziumların keçirildiyini bildirən kafedra müdiri həmin tədbirlərdə xəstəliklə bağlı müxtəlif baxışların ortaya qoyulduğunu qeyd edib: “Bəzi alimlərin bildirdiyinə görə, xəstəliyə uşaq yaşlarında, adətən oğlan uşaqlarında rast gəlmək olur. Amma son illər aparılan müşahidələr zamanı bəlli oldu ki, xəstəlik qız uşaqlarında da aşkarlanır. Ölkəmizdə, o cümlədən dünyanın bir sıra ölkələrində səhiyyə sistemi cüzamla ciddi mübarizə aparır. Xəstəlik dövlət tərəfindən xüsusi nəzarətdə olduğu üçün hələ sovetlər dönəmində Umbakı qəsəbəsi ərazisində Respublika Cüzam Xəstəxanası tikilmişdi. Elə o vaxtdan yaxşı şəraiti vardı.
Orada təxminən 100-ə yaxın xəstə müalicə olunurdu. Biz o zaman Tibb İnstitutu olaraq tələbələrimizi praktik dərs zamanı ora aparıb xəstələri onlara göstərirdik. Xəstələrlə ünsiyyət qurmaq çox çətin idi. Çünki xəstəliyin əlamətləri üz nahiyəsində başlayır. Burun, qulaq, dodaqlarda yeyilmə, çürümə prosesi gedir, orqanlar düşür, sifət eybəcərləşir. Bu səbəbdən onlar düşdükləri vəziyyətdən utanır, ətrafdakılarla ünsiyyət qurmaqdan çəkinirdilər. Ona görə onlar xəstəxana şəraitində yaşamağı üstün tutur, öz istəkləri ilə müəyyən vaxtlarda yalnız ailə üzvləri ilə görüşürdülər. Amma mənimlə çox tez ünsiyyət yaratdılar. Çünki çəkinmədən otaqlarına daxil olur, oturub söhbət edir, verdikləri konfetlə süzdükləri çaydan içirdim. Onların hamısı ümumi palatada yatmırdı. Bir neçəsi xəstəxanada ailə qurmuşdu, bu səbəbdən ayrıca otaqlarda yaşayırdılar. Təminatlarına isə söz ola bilməzdi.
Onlar hər şey yeyirdilər, yəni qidalanmada hansısa yeməyə, meyvə və tərəvəzə qadağa qoyulmur. Xəstələr xəstəxanada prosesi ləngidən preparatlarla müalicə olunur.
Əksəriyyəti ilə ayrı-ayrılıqda maraqlanmışam. Aralarında olduqca savadlı insanlar var. Heç yadımdan çıxmaz, Naxçıvandan bir kişi var idi, tariximizi çox gözəl bilirdi. Onunla saatlarla oturub söhbət edirdik. Mənə çay təklif edib, içmişəm”.
Professorun sözlərinə görə, ilk dəfə xəstəxanada 1976-cı ildə olub: “O vaxtdan 48 il keçib. Hələ ki özümü normal hiss edirəm. Əgər bəzi alimlərin dediyi kimi, cüzam yoluxucu olsaydı, mən və ora apardığım tələbələr çoxdan yoluxardıq. Belə bir fakt indiyədək qeydə alınmayıb”.
O, hazırda respublika üzrə 37 nəfərin qeydiyyatda olduğunu bildirib. Onlardan 13 nəfər Respublika Cüzam Xəstəxanasında, qalanları isə ambulator qaydada müalicə olunur: “Onlardan bəziləri yüngül işlərlə təmin olunub, işləyirlər. Bəzən onlarla küçədə rastlaşır, hal-əhval tuturam. Bəzilərinin harada işlədiklərini bildiyim üçün arada onlara baş çəkir, tənha buraxmıram. Onların adi xoş sözə, isti münasibətə ehtiyacları var. Görüşəndə çalışıram ki, həyatda özlərini kimsəsiz, tənha hiss etməsinlər”.
Professor rəhbərlik etdiyi kafedrada Tələbə Elmi Cəmiyyətinin xətti ilə tələbələrə cüzama dair mövzuların verildiyini də nəzərzə çatdırıb. Əlavə edib ki, yeni semestrdə rektorun icazəsi ilə tələbələri Respublika Cüzəm Xəstəxanasına aparmaq niyyətindədir: “Son olaraq, onu da deyim ki, Rusiya, Qazaxıstan, qardaş Türkiyədə cüzamlı xəstələrin müalicəsi ilə məşğul olan, yüksək səviyyədə təchiz edilmiş xəstəxanalar fəaliyyət göstərir. İstəyirəm ki, adıçəkilən ölkələrin xəstəxanaları ilə elmi əməkdaşlıq edək, tələbələrimizi ora kurslara, təcrübə keçməyə göndərək. Hazırda bu istiqamətdə Qazaxıstanla danışıqlar aparılır. Ümidvaram ki, yaxın vaxtlarda bunun müsbət nəticəsi olacaq”.
Aygün