Close

Qızılcaya yoluxmalar artacaq – Xəstəliyin spesifik müalicəsi yoxdur

“Qızılca xəstəliyi uşaqlar arasında fəsad və ölüm törədən xəstəlikdir. Bu infeksiya yoluxma indeksi ən yüksək olanlardandır. Peyvənd olunmayan 100 uşaq qızılca xəstəsi ilə təmasda olarsa, onun 96-sı xəstəliyə yoluxur. Qızılca peyvəndi daimi immunitet yaradır. Uşaqlar zamanında normal peyvənd olunursa, onlarda daimi immunitet yaranır. Hazırda məktəblilər arasında yoluxanlar da yəqin ki, vaxtında normal peyvənd olunmayanlardır”.

Bunu TNS-ə əməkdar elm xadimi, professor, həkim-pediatr Nəsib Quliyev bildirib.

Qızılcanın peyvəndlə idarə olunan infeksiyalar sırasına daxil olduğunu deyən professor bir sıra məsələlərə toxunub: “Qızılca xəstəliyinə qarşı peyvəndə keçən əsrin 60-cı illərindən başlanılıb. Azərbaycanda bu xəstəliyin kökünü kəsmək üzrə tədbirlərə 2005-ci ildən başlanılıb və uşaqlar kütləvi şəkildə peyvənd olunurdu.  2008-ci ildən bizdə demək olar ki, bu xəstəlik yox dərəcəsinə çatmışdı. Sonuncu kütləvi yoluxma 2008-ci ildə olub. 15 ildir, bu xəstəlik görünmürdü. Təəssüf ki, xüsusilə “COVID-19” ortaya çıxandan sonra idarə olunan infeksiyalara qarşı peyvəndlər ikinci plana keçdi. Ona görə də xəstəlik təzədən yayılmağa başladı. Əgər peyvəndləmənin əhatəsi 80 faizdən yuxarı olarsa, idarə edilən infeksiyaların qarşısını almaq mümkündür. Nə vaxt ki, peyvənd olunanların əhatəsi 80-60 faizdən aşağı olur, xəstəlik yayılmağa başlayır. İndi də təəssüf ki, həmin hadisə baş verir. Peyvəndləmə yüksək səviyyədə saxlanılsaydı, belə vəziyyət yaranmazdı”.

q2

Pediatr vəziyyətin daha da gərginləşəcəyi ilə bağlı narahatlığını dilə gətirib: “Təəssüf ki, problem hazırkı vəziyyətlə bitmir. Yaxın aylarda, hətta illərdə yoluxmalar daha çox qeydə alınacaq. Arzu edirik ki, olmasın, amma işin gedişi onu göstərr. Peyvəndləmənin faizini yuxarı qaldırmaq vacibdir. Milli kampaniyalar keçirmək lazımıdr. Qızılca sırf insanlar arasında yayılan xəstəlikdir. İnsan orqanizmindən başqa heç yerdə - torpaqda, havada heyvanlarda yaşamır. Ona görə peyvənd olarsa, xəstəlik gizlənir. İndi peyvəndləmə sürətlə aparılsa, əhatə dairəsi genişləndirilsə, yayılmanın qarşısını almaq olar. Əks təqdirdə xəstəlik yayıla bilər. Yəqin ki, dövlət tərəfindən lazım olan addımlar atılacaq”.

Nəsib Quliyevin sözlərinə görə, vaxtilə xəstəliyin epidemiyası zamanı 8 faizə qədər ölüm halı olub. Müsahibimiz bildirib ki, peyvəndləmədən bir ay, 40 gün sonra artıq xəstəliyə qarşı immunitet yaranmağa başlayır.

İstəlinən infeksiyanın bədənin gücünü aldığını vurğulayan həkim-pediatr yoluxmadan sonra orqanizmdə digər infeksiyaların da baş qaldıra biləcəyini deyir. Professor vurğulayıb ki, qızılcanın ev şəraitində hər hansı antibiotik və ya dərman vasitələri ilə müalciəsi düzgün deyil: “Qızılcanın spesifik müalicəsi dünyada mövcud deyil. Ancaq həkimin məsləhəti ilə simtomatik yardım etmək, xəstəliyin fəsadlarını müalicə etmək olur. 

Valideynlərə tövsiyə edərdik ki, uşaqlarını qızılcaya qarşı peyvənd etdirsinlər. Çünki xəstəliyin qarşısını başqa cür almaq mümkün deyil. Valideynlər tibb işçilərinə inanmalıdırlar, bu işlə məşğul olan bütün tibb təşkilatları isə həyəcan təbili çalmalıdır”.

Aygün İbrahimli